Noyabrın 1-2-də ilk dəfə Bakıda – Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində əfsanəvi ABBA qrupunun ən yaxşı hitləri “Angels” müasir opera şousunun ifasında səslənəcək.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dünya hitlərinin baş qəhrəmanları və ifaçıları Sabina Svetkovanın rəhbərliyi altında “Angels” müasir opera şousudur.
O, həm də bu unudulmaz tamaşanın baş ideoloqu, xoreoqrafı və rejissorudur.
Konsertin proqramına görkəmli İsveç dördlüyünün məşhur “The Winner Takes It All”, “Gimme!”, “Happy New Year” və digər mahnıları daxil edilib.
Layihənin aranjirovkası məşhur dirijor Vyaçeslav Sejanovundur. O, caz, fortepiano, simfonik və kamera orkestrləri musiqisi və digər janrlarda əsərlər bəstələyir. Vyaçeslav Sejanov Nikolay Baskov, Valeriya, Diana Qurtskaya, Yevqeni Doqa, David Tuxmanov, İqor Krutoy kimi ifaçı və bəstəkarlara aranjirovka hazırlayıb, Lara Fabianın “Madmazel Jivaqo” albomu üzərində işləyib.
“Əfsanəvi ABBA musiqisi” layihəsində Vyaçeslav Sejanov populyar kvartetin hitlərinin yeni səslənməsini təqdim edəcək.
Vokal partiyalar “Angels” müasir opera şousunun yüksək istedadlı solistləri tərəfindən oxunacaq.