Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskinin yaratdığı “Kvartal-95” studiyası oktyabrın 24-də Bakının Heydər Əliyev Sarayında konsert verəcək. “Kvartal”çılar bundan əvvəl də Azərbaycanda olublar, misal üçün, Qəbələdə keçirilən “Veselo 2018: QabaLove” qış festivalında iştirak ediblər. Ancaq onlar Bakıda hələlik çıxış etməyiblər.
Media.Az ukraynalı aktyor, ssenarist, teleaparıcı, “Kvartal-95” studiyasının müəllifi, Vladimir Zelenskinin sinif yoldaşı və nəyahət, gözəl, şən insan olan Aleksandr Pikalovla söhbət edib.
- “Kvartal-95”i Azərbaycanda sevirlər, siz hətta bizdə çıxış etmisiniz...
- Azərbaycanda çıxış etmişik, amma Bakıda olmamışıq. Bakıda bizim “ulu babalarımız” olub – “Zaporojye – Krivoy Roq – Tranzit” şən və hazırcavablar klubunun yığma komandası (gülür). Biz “Kvartal”la birlikdə Qəbələdəki “Veselo” festivalında olmuşuq. Gözəl vaxt keçirdik. Hər şey möhtəşəm idi.
- Bakı ictimaiyyətindən necə qarşılanma gözləyirsiniz?
- Biz zalı silkələyəcəyik! Mümkünsüz heç nə yoxdur. Mənim Azərbaycanda çoxlu dostlarım və tanışlarım var, onların hamısının əla yumor hissi var. Yenə də Qəbələ festivalını yada salıram. Bu, möhtəşəm idi. Bizim səhnəciklərimiz gülməlidir, proqramımız əladır, Bakıdakı konsert şən olacaq (gülür).
- Bildiyim qədərilə, siz hazırkı Prezident Vladimir Zelenski ilə birlikdə oxumusunuz, onunla uşaqlıqdan tanışsınız. Onun “Kvartal-95”dən gedişi kollektivə təsir edib?
- Bilirsiniz, bu, çox qeyri-adidir – statusunu dəyişən və dövlət başçısı olan yoldaşınızla zarafat etmək (gülümsəyir). O, yaxşı prezidentdir, biz bunu görürük. Ancaq bizim onlarla zarafatımız qeyri-ənənəvidir. Bir neçə irad bildirib: “Mən, həqiqətən, beləyəm?” (Bərkdən gülür).
- Ancaq o, özünü tənqid edə bilən insandır, biz bir neçə dəfə söhbət etmişik...
- Hər şey belədir. O, özünə yönələn yumoru da sevir.
- Bir müddət əvvəl Prezident Vladimir Zelenski ilə onun səsinin parodiya olunması müsabiqəsində qalib gələn aktyorla “mini-balt”ı oldu. Müsabiqənin qalibi “Kvartal-95” komandasının yeni üzvü Yuri Velikiy oldu...
- Bəli, bu, beynəlxalq forumda baş verdi, bu, Yuri Velikiyin “ulduz saatı” oldu (gülür). Onlar ingilis dilində danışırlar, bu, möhtəşəm və maraqlı idi.
- Bəs Vladimir Zelenskinin “əkizi” Bakıya gələcək?
- Əlbəttə! Yuri bizim kollektivin ayrılmaz hissəsidir. Ancaq biz ona bir şeyi qadağan etmişik – telefonla zəng edib Konstitusiyanın zəmanətçisinin səsi ilə danışmağı (gülür).
- Bəs siz gözüyumulu kimin danışdığını müəyyən edə bilərsiniz: Vladimir Zelenski və ya Yuri Velikiy?
- Mən bacararam. Vladimir Aleksandroviç mənim üçün, sadəcə, Vladimirdir, onu altıncı sinifdən tanıyıram. Ona görə Yuri hələ işləməlidir. Və ya Vladimir Aleksandroviç təslim olacaq və Yurini parodiya edəcək (gülür).
- Bakıda olmaq istədiyiniz hər hansı yer var?
- Əvvəllər olmadığım qədim Bakını görmək istəyirəm. Fotoları görmüşəm. Bakılıların qonaqpərvərliyindən xəbərdaram. Bizim bütün görməli yerləri gəzməyə vaxtımız çox olmayacaq!
- Yeri gəlmişkən, söhbətimiz zamanı yadımıza düşdü ki, siz tez-tez Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçi tənqid edirdiniz, bundan sonra o, Ukraynanı tərk etdi, Vladimir Zelenski müsahibələrinin birində deyib ki, siz çox məyus olmusunuz, çünki parodiya etməyə heç kim yox idi. Daha sonra Ali Radanın sabiq spikeri Andrey Parubiy peyda oldu və siz onu əla təqlid edirsiniz...
- (Gülür) Təşəkkür edirəm. Ancaq mən buna görə narahat deyildim, sadəcə, Vladimir Aleksandroviç belə zarafat etdi. Biz Vladimir Yanukoviçin və “Ləyaqət inqilabı”nın qaçmasından çox sevindik. O zaman gərgin vəziyyət idi.
- Birinci simaları parodiya etmək qorxulu deyildi? Viktor Yanukoviç, sonra Radanın spikeri Andrey Parubiy?
- Xeyr. Viktor Yanukoviçin qarşısında narahat idim. Ona lazım olan şeyi çatdırmamışdılar. Andrey Parubiy ilə isə daha asan idi. Onlar bizə diqqət yetirmirdilər (gülür).
Nair Əliyev
Rəylər