Nizami Kino Mərkəzində “Mən səninləyəm, Ana Vətən” adlı bədii-sənədli filmin təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, film 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundova həsr olunub.
Filmdə ana obrazını elə Aprel şəhidimizin doğma anası Ceyran Axundova canlandırıb.
“Mən səninləyəm, Ana Vətən”in quruluşçu rejissoru Elşən Zeynallıdır.
Sənədli filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovdur.
O, çıxışında bunları söyləyib:
“2016-cı ildə Azərbaycan ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Bu sevinci bizə yaşadan qəhrəman Vətən övladlarından biri də Aprel döyüşlərində şəhid olan manqa komandiri Əbdülməcid Axundovdur.
Gənclər üçün əsl qəhrəman və vətənpərvərlik nümunəsi olan Əbdülməcid Axundovun Vətən qarşısındakı xidmətlərini daim xatırlamaq, belə oğullarla bağlı gənc nəslə daha geniş məlumat vermək lazımdır”.
Daha sonra ekran işinin yaradıcı heyəti qonaqlara təqdim olunub.
Filmin prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallı və başqaları çıxışlarında film haqqında öz təəssüratlarını bölüşüblər, Aprel döyüşlərinin hərb tariximizin şanlı səhifələrindən biri olduğunu dilə gətiriblər.
Filmdə ana obrazını canlandıran şəhidin anası Ceyran Axundova çıxış edərək filmin yaradıcı heyətinə və bu əsəri izləməyə gələn qonaqlara təşəkkürünü bildirib.
Sonda “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmi nümayiş olunub.
Aprel şəhidimizə film çəkildi: öz anası baş rolda - VİDEO
Rəşad Əliyev
Rəylər