Bu gün bəstəkar Asəf Zeynallının dünyaya gəlməsindən 105 il ötür.
Oxu.Az xəbər verir ki, Asəf Zeynallı 1909-cu ildə Dərbənddə doğulub. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X.Nəzirli və S.Rüstəmin “Alov”, A.Həmidin “Hind qızı”, V.Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələyib, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb.
Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə 23 yaşında yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat edib. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.