Polşanın Vrotslav şəhərində yerləşən “Stowarzyszenie Kamienna Tecza” təşkilatı Azərbaycanda yeni yaranan, əlilliyi olan aktyorlardan ibarət “ƏSA” Teatrına dəstək aksiyası keçirib.
Teatrın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, aksiyada Daun sindiromlu və müxtəlif əlilliyi olan insanlar iştirak ediblər.
Təşkilatın rəhbəri Elzbieta Graf belə bir teatrın mövcudluğunun dünya üçün də vacib olduğunu və davamlı şəkildə “ƏSA” Teatrına dəstək göstərəcəklərini deyib:
“Nəinki bizim təşkilat, belə bir teatr bütün dünyanın marağındadır. Biz müxtəlif yaş qruplarından ibarət Daun sindromlu və mental problemli insanlarla çalışırıq. Təşkilatımız teatrla bağlı “workshop”lar da keçirir. Üzvlərimiz “ƏSA” Teatrından xəbər tutanda çox sevindilər”.
Teatrdan verilən məlumata görə, Avropanın digər ölkələrindən də dəstək məktubları alırlar.
Qeyd edək ki, “ƏSA” Teatrı sentyabr ayının əvvəlində aktyor-fotoqraf Nihad Qulamzadə tərəfindən təsis edilib. Teatrın direktoru Murad Məmmədov, meneceri Nicat Qulam, bədii hissə müdiri isə Orxan Adıgözəldir.
Teatrın ilk tamaşasının premyerası oktyabr ayının ortalarına planlaşdırılır.
A.S.
www.oxu.az