Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə yollanıb.
Teatrdan Oxu.Az-a verilən məlumata görə, qastrol zamanı Vasilevskidəki Dövlət Dram Teatrının səhnəsində 2 tamaşa nümayiş etdiriləcək.
Noyabrın 11-də xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşu ilə Mixail Lermontovun “Maskarad” tamaşası oynanılacaq. Bu tamaşada rejissor həm də Arbenin rolunu ifa edir.
Xatırladaq ki, tamaşanın premyerası 2013-cü il noyabrın 24-də olub. Tamaşa məşhur rus şairi M.Lermontovun 200 illik yubileyinə həsr olunub.
Noyabrın 12-də isə peterburqlular A.Şarovskinin quruluşunda məşhur fransız dramaturqu Jan Rasinin “Fedra” tamaşasını izləyəcəklər.
Qastrol səfəri noyabrın 13-də başa çatacaq.
Hər iki tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.
Aytən Sadıqzadə
www.oxu.az