Dekabrın 21-də Azərbaycan Xalça Muzeyində “Azərbaycan xalçası ensiklopediyası”nın birinci cildinin təqdimatı olub.
Müəllifi sənətşünaslıq doktoru, professor Röya Tağıyeva olan ensiklopediya Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yaponiyanın “Japan Tabocco İnternational” şirkətinin birgə layihəsi əsasında nəşr edilib.
Oxu.Az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev vurğulayıb ki, 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Milli Məclisin deputatları Elman Nəsirov, Adil Əliyev və Jalə Əliyeva çıxış edərək ensiklopediyanın birinci cildinin nəşrini yüksək qiymətləndiriblər.
Ensiklopediyada Azərbaycan xalçası təkcə milli-mədəni ənənənin deyil, həm də ümumdünya irsinin ayrılmaz hissəsi kimi təqdim olunur.
Burada xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçaların, xalça məmulatlarının növ müxtəlifliyi, onların hazırlanması texnologiyası, naxış və rəmzlərin mənşəyi ilə yanaşı, tarixi əhəmiyyət kəsb edən xalçalar haqqında məlumatlar toplanıb.
Nəşrdə, həmçinin xalçaların kolorit əlvanlığı, özünəməxsus kompozisiyası, Azərbaycan xalçaçılıq məktəbləri haqqında məlumat və şərhlər də verilib.