Müğənni Azərin ifaçısı olduğu “Çırpınırdı Qara dəniz” mahnısının Türkiyədə hökumətə yaxınlığı ilə tanınan “Sabah” qəzetində erməni bəstəsi kimi təqdim edilməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya açıqlamasında ifaçı mahnımızın erməni ifaçı Sayad Novanın adına çıxarılmasını səhv addım kimi qiymətləndirib:
“Türkiyə hər zaman çalışıb ki, ölkələr bir-biri ilə sülh münasibətində yaşasın, bu, onların siyasi mövqeyidir. Siyasətçi deyiləm, sənətçi olaraq düşünürəm ki, bu, Türkiyənin öz siyasətidir, mən qarışa bilmərəm. “Çırpınırdı Qara dəniz” mahnısının erməni ifaçı Sayad Novanın adına çıxmağı bizi incidən məsələdir, bir Azərbaycan türkü olaraq bu mövzuda danışa bilərəm.
“Çırpınırdı Qara dəniz”in Sayad Novanın adına çıxarılması bir səhvdir. Orada yazılıb ki, azərbaycanlılar Sayad Novanın əsərlərini Azərbaycan dilində ifa ediblər. Bu da yanlış məlumatdır. Bildiyim qədər mənim nəslimin nümayəndələri Sayad Novanın əsərlərini ifa etməyib, repertuarına salmayıb. Dünya musiqisi ilə maraqlanan ifaçı olaraq Novanın ozan olmağından xəbərim var.
Düşünürəm ki, medianın üzərinə düşən sadəcə Azərindən münasibət öyrənmək deyil. Bu hadisəyə Mədəniyyət və Turizm Nazirliyi münasibət bildirməlidir. Azərbaycanın bütün əsərlərinin haqları Mədəniyyət Nazirliyindədir.
Sənətçi olaraq Azərbaycanın ermənilər tərəfindən oğurlanan əsərləri haqda danışmışam, danışıram və bunun üçün mübarizə aparıram. Burada fərdi şəkildə deyil, cəm şəkildə mübarizə aparmaq lazımdır. Türkiyədə də olduğum vaxt bu haqda danışacam. Bizim əsərlərə toxunmasınlar, biz gərək dövlət səviyyəsində mübarizə aparaq”.