Noyabrın 5-də Muzey Mərkəzinin sərgi qalereyasında “Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi oldu.
Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, “Kukla” art qalereyası və Muzey Mərkəzidir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları salamlayaraq paytaxtımızın növbəti dəfə sənətsevərləri bir araya gətirən beynəlxalq tədbirə ev sahibliyi etdiyini bildirdi.
Qeyd etdi ki, artıq üçüncü dəfə gerçəkləşən “Fusion Doll” Beynəlxalq Kukla Biennalesi ötən illər ərzində öz auditoriyasını toplaya bilib. 2011 və 2013-cü illərdə təşkil olunan biennale maraqlı təqdimatlarla yadda qalıb, müəllif kukla sənəti sahəsində peşəkarların görüş yerinə çevrilib.
Bu il biennaledə 7 ölkənin təmsil olunduğunu deyən nazir bütün nümayəndələrə təşəkkürünü bildirdi:
“İnanıram ki, müəlliflər tərəfindən təqdim edilən sənət nümunələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacaq və şəhərimizin qonaqlarında da maraq doğuracaq”.
Qeyd edək ki, noyabrın 10-dək davam edəcək beynəlxalq sərgidə Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Estoniya və Yaponiyanın kukla ustaları iştirak edir. Ölkəmizi tanınmış sənətkarlar Pərviz Hüseynov, İrina Qundorina, Tamilla Qurbanova, eləcə də rəssamlar Anarə Salmanova, Zinaida Həsənova, Nübar Şahbazova, Alla Liçnorovskaya, Fərəh Əliyeva, Olqa Abbasova təmsil edirlər.
Noyabrın 6-dan etibarən kütləvi ziyarətə açıq olan sərgidə paytaxtımızın sakinlərini və qonaqları maraqlı incəsənət bayramı - müəllif kuklaları sənəti ilə tanışlıq gözləyir.
E.Ə.
www.oxu.az