Bu gün Bakı şəhəri T. Quliyev adına 12 N-li 11-illik musiqi məktəbində AR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Qeyri-maddi mədəni irs nümunəsi olan tarın tədqiqi” mövzusunda tədbir keçirilib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı Azərbaycanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Giriş sözü ilə Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş tar ifaçılıq sənətinin təbliğ olunmasının önəm və mahiyyətini bir daha vurğulayıb.
Milli Konservatoriyanın Xanəndə-oxu kafedrası və İnstrumental muğam kafedrasının müəllimi əməkdar artisti Valeh Rəhimov tarın və muğamların yaranması tarixi haqqında, Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının müdiri, tar ustası Məmmədəli Məmmədov tar alətinin hazırlanması texnologiyaları haqqında məruzələrlə çıxış ediblər.
Çıxışlardan sonra T. Quliyev adına 12 saylı musiqi məktəbi şagirdlərinin ifasında tarda və fortepianoda canlı musiqi nömrələri səsləndirildi və fərqlənən şagirdlərdən Fəxri Axundov, Arif Əzimov və Aydan Rəsulzadə Mərkəzin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Məktəbin direktoru Gülnar Səfərova Mədəniyyət və Turizm Nazirliyinin və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbərliyinə öz təşəkkürlərini bildirib.