Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində xalça sərgisi keçirilir - FOTO
Almaniyadakı səfirliyimiz və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib. Sərginin açılışı ilə bağlı təşkil olunmuş tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.
Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Açılışda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta xalçaçıların bu sənətin incəliklərini gənc nəslə uğurla ötürdüyünü, ölkə rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov tədbirdə çıxış edərək, təmsil etdiyi təşkilatın tarixindən söz açıb. Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub-saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəblərinə aid olan xalçalardan bəhs edib.
Tədbirdə, həmçinin, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman çıxış edib. Almaniya səfiri fəaliyyəti dövründə Azərbaycanda xalçaçılıq sənəti ilə bağlı əldə etdiyi təəssüratı tədbir iştirakçıları ilə bölüşüb.
Sərgi zamanı qonaqlar üçün əsl Qarabağ xalçasının toxunma prosesi də nümayiş olunub. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Qarabağ xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub. Tədbir çərçivəsində iştirakçılara, həmçinin, Heydər Əliyev Fondu tərəfindən nəfis tərtibatda və alman dilində hazırlanmış Azərbaycanda xalçaçılıq sənətindən bəhs edən kitablar və bröşürlər paylanılıb, Azərbaycan xalçaçılıq sənətindən, eləcə də ölkəmizin tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları sentyabr ayının sonunadək avropalı xalçasevərlər üçün açıq olacaq, sərgi ziyarətçilərinə, həmçinin, Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.
Rəylər