"Son iki il ərzində musiqi və incəsənət məktəblərində çalışan 10 min müəllim attestasiya olunub".
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Elm və təhsil sektorunun müdiri Muraz Məmmədov dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılmasının həyata keçirilməsi barədə brifinqdə deyib.
O bildirib ki, attestasiya olunan müəllimlərin 70 faizdən çoxu uğurlu nəticə göstərib:
"Bu dövr ərzində incəsənət müəllimləri üçün yeni fəaliyyət öhdəlikləri də formalaşıb. Bunlara ehtiyaclara uyğun təlimlər, işə qəbulda yeni yanaşmalar, ali təhsil müəssisələri ilə sistemli əməkdaşlıq, nəticələrə əsaslanan diferensial əməkhaqqı və optimal dərs bölgüsü daxildir.
Attestasiya nəticələrinə əsasən, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin dərs saatlarının artması ilə paralel olaraq orta əməkhaqqıları 25 faiz yüksəlib".