Dünyada Caz Günü kimi qeyd edilən aprelin 30-nu YUNESKO daha təmtəraqlı edib.
Oxu.Az xəbər verir ki, Fransada Beynəlxalq Caz Günü təşkil edən beynəlxalq qurumun əməkdaşları Azərbaycandan “Cəngi” estrada folklor ansamblı, eyni zamanda, İsraf Sarabski və Etibar Əsədlinin rəhbərlik etdiyi musiqiçiləri festivala dəvət edib. Müxtəlif dövlətlərdən peşəkar musiqiçilərin qatıldığı möhtəşəm tədbir Fransanın iri tutumlu “La Baiser Sale” Jaaz Klubunda baş tutub.
Yaradıcılıq səfərini yeni başa vuran “Cəngi”nin rəhbəri Mircavad Cəfərov vurğulayıb ki, fransalı və əcnəbilər üçün musiqiçilərin müşayiəti ilə Telman Hacıyev, Rafiq Babayev, Ramiz Mustafayevin bəstələri, fransız şanson səsləndirilib. Mahnıları solist Arzu Həsənli ifa edib. M.Cəfərov isə tar və udda Fikrət əmirovun “Mən səni araram”, Cahangir Cahangirovun “Bana bana gəl” və fortepianoda duet ifanı etno caz şəklində təqdi medib. Konsertdə həmçinin Mircavid Cəfərov, Vasif Hüseynli, Tural Qasımovun instrumental ifaları hərarətlə dinlənildi.
Əməkdar artist Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun dəstəyini xüsusi vurğulayıb. Qeyd edib ki, mayda “Cəngi”nin Fransa ilə daha bir əməkdaşlığı nəzərdə tutulub.
Qeyd edək ki, qrupun solisti Arzu Həsənli uzun illər Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupunun solisti olub. Hazırda fəaliyyətini “Çəngi” də davam etditən Azərbaycan Milli Konservatoriyasının məzunu fransız, ingilis, türk sənət musiqisi, muğam, estrada janrlarında peşəkar səviyyədə oxuyur.
Məlumat üçün bildirək ki, “Cəngi” estraqda folklor ansamblını mərhum sənətkarımız Rafiq Babayev yaradıb. Siyavuş Kərimi, Səkinə İsmayılova, Brilyant Dadaşova, Firəngiz Rəhimbəyova həmin dövrdə bu ansamblın solistləri olub. 2002-ci ildə tarzən, əməkdar artist Mircavad Cəfərov bu kollektivə rəhbərlik edir. Qeyd edək ki, son iki ildə İsgəndər Ələsgərovun dəstəyi ilə ansambl rəqs kollektivi çərçivəsindən çıxıb həm də caz, estrada folklor, klassik muğam, etno caz janrlarında fəaliyyətini genişləndirdi.