Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru Çingiz Abdullayev bu gün 55 yaşını qeyd edir.
Oxu.Az xəbər verir ki, Abdullayev Çingiz Akif oğlu 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub (1984-1986).
Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb (1988).
Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilib. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə edib (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb.
Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunub. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olub.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.