Rusiyanın Sankt-Peterburq şəhərində IV Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Foruma 40-dək ölkədən 9 minə yaxın iştirakçı qatılıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, forum çərçivəsində nazir Əbülfəs Qarayev Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, Monteneqronun mədəniyyət naziri Pavle Goranoviç, İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti, Bosniyanın mədəniyyət və idman naziri Zora Dujmoviç, Lüksemburqun mədəniyyət naziri Aleks Langini, Makedoniyanın mədəniyyət naziri Elizaveta Kançeska, Moldovanın mədəniyyət naziri Monika Babuk, Tacikistanın mədəniyyət və turizm nazirinin birinci müavini İbodullo Maşrabov, Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova, Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş direktorunun müavini Karlos Forten, Bolqarıstanın Rusiya Federasiyasındakı Səfirliyinin mədəniyyət üzrə səlahiyyətli nümayəndəsi Pavel Vasev ilə işgüzar görüşlər keçirib.

Dekabrın 15-də foruma qatılan xarici ölkə nümayəndələri Mixaylovsk Teatrında işgüzar səhər yeməyində bir araya gəliblər. Nazir Əbülfəs Qarayev tədbirdə iştirak edib. İşgüzar səhər yeməyinin sonunda Rusiya Federasiyası ilə bir sıra ölkələr arasında mədəni əməkdaşlığa dair sənədlər imzalanıb.
Daha sonra Etnoqrafiya muzeyində Rusiya Mədəniyyət Nazirliyinin “Mədəniyyət məkanı” layihələrinin təqdimatı keçirilib. Dövlət Ermitajının Baş qərargahında “Sosial teatr: tarix, dünya təcrübəsi, inkişaf perspektivləri” mövzusunda yüksək qonaqlar üçün ilk təqdimetməni Rusiyanın mədəniyyət naziri V.Medinski aparıb.
Nazir Əbülfəs Qarayev həmçinin “Çarskoe Selo” Kəndinə, Ermitaj Muzeyinə, Mariinski Teatrına, Mixaylovsk Teatrına və Sankt-Peterburq sirkinə ziyarət etmişdir. Böyük Teatrın direktoru Vladimir Urin, Manej mərkəzi sərgi Mərkəzini direktoru Pavel Priqara, Dövlət Ermitaj Muzeyinin baş direktoru Mixail Pyotrovski və baş direktor mələhətçisi Nikolas İljine, Sankt Peterburqun Ədəbiyyat Qalereyasının baş direktoru Poltorak İqor, “Çarskoe Selo” muzey-qoruğunun elmi işlər üzrə direktor müavini İraida Bott, Moskva Müzikal Teatrının bədii rəhbəri Mixail Şvidkoy, İtaliyanın Violino Muzeyinin prezidenti Paolo Bodini ilə görüşüb.
UNESCO-nun 70 illik yubiley mərasiminə həsr olunan tədbirin əsas müzakirə mövzusu mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın inkişaf məsələləridir.
Mərasimdə bu il Rusiyada qeyd edilən “Ədəbiyyat ili”nin başa çatdığı, bu mədəniyyət estafetini 2016-cı ildə “Kino ili”nin davam etdirəcəyi elan olunub.
Həmin gün forum çərçivəsində kitab-nəşriyyat işi sahəsində dövlət və özəl sektorun tərəfdaşlığına həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak edib. Dövlət kitabxanaları ilə özəl kitab şirkətləri arasında əməkdaşlıq sazişləri bağlanıb. Tədbirdə Rusiyada “Ədəbiyyat ili”nin başa çatması münasibətilə “Rusiyanın ədəbiyyat üzrə Nobel laureatları” marka seriyasının təqdimatı olub.

Qeyd edək ki, üçgünlük beynəlxalq tədbirin iştirakçıları şəhərin 82 müxtəlif yerində keçirilən 250-dən çox mədəni hadisənin iştirakçısı olacaqlar. Forum 12 müxtəlif bölmədən ibarətdir. IV Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu dekabrın 16-da işini başa vuracaq.