Rusiyanın xalq artisti, tanınmış kinorejissor Aleksandr Mitta 93 yaşında vəfat edib.
Oxu.Az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə onun oğlu məlumat paylaşıb.
"Əziz atam bu gün dünyasını dəyişdi. Sevirik, kədərlənirik", - deyə Mittanın oğlu sosial şəbəkədə yazıb.
Qeyd edək ki, iyulun 1-də Mitta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Son vaxtlar o, onkoloji xəstəliklə mübarizə aparırdı.
Aleksandr Mitta "Qranitsa. Tayejnıy roman" ("Sərhəd. Tayqa romanı"), "Moskva, lyubov moya" ("Moskva, məhəbbətim mənim"), "Skazka stranstviy" ("Səyahətlər nağılı"), "Qori, qori, moya zvezda" ("Parla, parla, mənim ulduzum", 1969), "Druq moy, Kolka!" ("Dostum, Kolka!", 1961), "Skaz pro to, kak çar Petr arapa jenil" ("Çar Pyotrun ərəbi evləndirməsinin nağılı", 1976) və digər filmlərin rejissoru kimi tanınırdı.
O, xüsusilə 1979-cu ildə çəkdiyi "Ekipaj" filmi ilə böyük şöhrət qazanıb.
Aleksandr Mitta "Ən yaxşı ssenari", "Ən yaxşı rejissura" və "Ən yaxşı televiziya bədii serialı" nominasiyaları üzrə TEFI mükafatına layiq görülüb.
Mitta 1970-1990-cı illərdə Ssenarist və Rejissorların Ali Kurslarında rejissorluq emalatxanalarına rəhbərlik edib. O, həmçinin Hamburqda və Moskvanın "Aleksandr Mitta Məktəb-Studiyası"nda dərs deyib. O, IV "Müqəddəs Anna" Milli Mükafatı uğrunda tələbə filmləri müsabiqəsinin münsiflər heyətinin sədri, həmçinin Rusiya Kinematoqrafçılar İttifaqının və Rusiya Kinorejissorlar Gildiyasının idarə heyətinin üzvü olub.
Aleksandr Mitta həm də "Kino mejdu adom i rayem" ("Cəhənnəm və cənnət arasında kino") adlı kitabın müəllifidir.