Bu gün Danimarkanın paytaxtı Kopenhagendə beynəlxalq musiqi yarışması “Eurovision-2014” başlanır.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi açılış mərasimi bu axşam Kopenhagenin tarixi meriya binasında baş tutacaq.
Bu il müsabiqədə 37 ölkənin musiqiçiləri yarışacaqlar. İndiki “Eurovision”un devizi “JoinUs” - "Bizə qoşul”dur. İki yarımfinal mayın 6-sı və 8-də, final isə 10-da keçiriləcək. Bütün şoular birbaşa yayımlanacaq.
Azərbaycanı bu yarışmada Dilarə Kazımova “Start a fire” mahnısı ilə təmsil edəcək.
Səsvermənin nəticələrinə görə, müsabiqənin finalına hər yarımfinaldan 10 iştirakçı keçəcək. Nümayəndələri müsabiqənin yarımfinalında işhtirak edən ölkələrin vətəndaşları həmin gün onlara səs verə bilməyəcəklər. Ancaq digər yarımfinal iştirakçılarına səs verə bilərlər.
“Eurovision”un təşkilatçıları - İspaniya, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya, həmçinin ev sahibi Danimarkanın nümayəndələri finala avtomatik olaraq keçəcəklər.