Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fəsadlarla dolu, sevilən "Cehiz sandığı": Ailələrin problemləri uşaqların güzgüsündə
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Cehiz sandığı" tamaşası nümayiş etdirilir.
Oxu.Az xəbər verir ki, tamaşa Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) incəsənətəsaslı öyrənmə layihəsinin bir hissəsidir.
Layihə çərçivəsində "Uşaq Forum Teatrı" festivalı ilə yanaşı, təlimlər, görüşlər və müzakirələr, həmçinin AUİB nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin yeniyetmə sakinlərinin əl işlərinin nümayişi təşkil olunub.
"Cehiz sandığı" tamaşası layihə çərçivəsində təşkil olunan təlimlərə cəlb edilmiş bir sıra kollec və universitetlərdə təhsil alan tələbələrin iştirakı ilə nümayiş etdirilir.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə nümayiş olunan tamaşa ilə bağlı fikirlərini Oxu.Az-la bölüşüb:
Bugünkü tamaşa bizim həm xoşagələn, həm də fəsadlarla dolu olan cehiz mövzusudur. Ona görə də tamaşa "Cehiz sandığı" adlanır. Tamaşanın məğzi daha çox erkən nikahların, məişət zorakılığının qarşısının alınması ilə bağlıdır.
Tamaşa iki ay müddətinə ərsəyə gəlib. İdeyası da, ssenarisi də, bir sözlə - hər şeyi bizə məxsusdur, yalnız bəzi tanınmış aktyorlarımızı dəvət etmişik.
Bu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində incəsənətəsaslı öyrənmə layihəsidir. Festivaldakı təlimlər zamanı biz uşaqlara daha çox məlumat xarakterli səhnəciklər, onların cəmiyyətə daha çox ötürə biləcəkləri sosial şəbəkələr vasitəsilə mesajlar hazırlanmasını öyrətmişik. Bu dəfə biz daha böyük tamaşaya üstünlük verdik.
Bugünkü tamaşada təşkilatda reabilitasiya keçən uşaqları, yeniyetmələri, universitet tələbələrini və məşhur aktyorlarımızı görəcəksiniz".
K.Ağazadə əlavə edib ki, daha geniş auditoriyanı əhatə etmək üçün sonradan "Cehiz sandığı"nı film-tamaşa kimi ərsəyə gətirmək fikirləri var.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova