"Flora xanım özünü çox yaxşı hiss edir, sabah evə buraxılacaq".
Bu barədə Oxu.Az-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova məlumat verib.
Onun sözlərinə görə, Flora Kərimovanın səhhəti hazırda qənaətbəxşdir:
"Onun vəziyyəti çox yaxşıdır. Danışır, gülür, əhvalı yerindədir. Sabah günün ikinci yarısında onu xəstəxanadan evə aparacağıq. Maraqlanan, zəng edən və diqqət göstərən hər kəsə təşəkkür edirik", - deyə Y. İmanova bildirib.
Qeyd edək ki, F.Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.