Müğənni Afət Fərmanqızı haqqında yayılan məhkəmə xəbərləri ilə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yayılan xəbərlərə münasibət bildirib.
O, hüquqi məsələlərlə peşəkar vəkillərinin məşğul olduğunu qeyd edib:
"Haqqımda yayılan məhkəmə xəbərləri ilə bağlı bildirmək istəyirəm ki, hazırda mənim bu məsələlərlə bağlı vaxt itirməyə imkanım yoxdur. Toylardan, səhnə fəaliyyətimdən və yaradıcılıq işlərimdən başımı qaldıra bilmirəm. Hüquqi məsələlərlə isə peşəkar vəkillərim məşğul olur.
Bu işlərə hüquq sahəsində öz sözünü demiş, tanınmış və peşəkar vəkil Ceyhun Yusifovun rəhbərliyi ilə onun peşəkar komandası tərəfindən baxılır. Mən hüquqi proseslərin qanun çərçivəsində və peşəkar şəkildə aparılacağına güvənirəm.
Bunu da xüsusilə qeyd etmək istəyirəm ki, artıq 5 ildir ailə qurmuşam və Rusiyada yaşayıram. Həyatımdan, ailəmdən və sənətimdən son dərəcə məmnunam. Mən xoşbəxtlərin xoşbəxtiyəm!
Mənim yerimdə olmaq istəyən, mənim gördüyüm işi görmək arzusunda olan çoxsaylı qadın həmkarlarım var. Amma mən illərdir öz zəhmətim, sənətim və tamaşaçı sevgisi ilə qazandığım mövqeyin sahibiyəm. Özümü bir nömrəli toylar kraliçası kimi təqdim etməyim də məhz səhnədə və toy məclislərində qazandığım uzunillik uğurlara əsaslanır.
Mən xoşbəxt sənətkaram. Rusiyada yaşayan həmyerlilərimiz tərəfindən sevilmək, onların toy və tədbirlərində səhnəyə çıxmaq mənim üçün böyük qürurdur. Xarici ölkədə yaşayıb öz xalqının qarşısında sevilən və aktual sənətçi olaraq qalmaq isə böyük zəhmət, məsuliyyət və davamlı fəaliyyət tələb edir.
Bu gün mənim əsas diqqətim ailəmə, sənətimə, səhnəmə və tamaşaçılarıma yönəlib. Haqqımda yayılan müxtəlif xəbərlərlə bağlı hüquqi məsələləri isə vəkillərimə həvalə etmişəm.
Mən səhnəmdə, vəkillərim isə hüquq müstəvisində öz işlərini görürlər. Qalan hər şeyi isə zaman və qanun göstərəcək".
Qeyd edək ki, bu gün Dəniz Əsədovanın Afət Fərmanqızı ilə bağlı verdiyi şikayət üzrə Saatlı Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.
Dəniz Əsədovanın şikayəti Saatlı Rayon Məhkəməsi tərəfindən icraata götürülməyib və aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilib.
Müğənni Dəniz Əsədovanın iddiası əsasında Rusiyada fəaliyyət göstərən həmkarı Afət Fərmanqızının barəsində olan iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Saatlı Rayon Məhkəməsində baş tutan proses zamanı tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəməyə təqdim olunan materiallar nəzərdən keçirilərkən qarşı tərəfin Tovuz rayonunda qeydiyyatda olduğu və ölkə ərazisində yaşamadığı üçün işin aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, müğənni Dəniz Əsədovanın həmkarı Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə səbəb iddialara görə müğənninin onu sosial şəbəkələr vasitəsilə təhqir və böhtanlara yol verməsidir. Müğənninin iddiasına görə, Afət Fərmanqızı sosial şəbəkələrdə canlı yayım açaraq Dəniz Əsədova ilə yanaşı, onun azyaşlı övladlarına qarşı da təhqiramiz ifadələr işlədib. Buna görə müğənniyə dəfələrlə xəbərdarlıq olunsa da, o, əməllərini davam etdirib.
Qeyd edək ki, Dəniz Əsədova xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məhkəməyə müraciət edib.
Onu da qeyd edək ki, bir müddət əvvəl Afət Fərmanqızı Xalq artisti Flora Kərimova və müğənni Vəfa Şərifova tərəfindən də eyni maddə ilə məhkəməyə verilmişdi.
Elgün Həsənli