Bakının Sabunçu rayonunda sakinlər uzun müddətdir içməli su problemi ilə üzləşdiklərini bildirirlər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Sakinlərin sözlərinə görə, problem Sabunçu rayonu, 41-ci Maştağa küçəsi 26 ünvanında yaşanır. Bildirilir ki, ərazidə illərdir evlərə içməli su xətti çəkilməyib və sakinlər ciddi çətinliklərlə üzləşirlər.
Şikayətçilər qeyd edirlər ki, evin yaxınlığında su xətləri mövcuddur. Lakin bununla bağlı "ASAN Kommunal"a müraciət etdikdə onlara su xəttinin evdən 30 metr məsafədə olmadığı bildirilib və bu səbəbdən xəttin çəkilməsinin mümkün olmadığı deyilib:
"Təklif edirik ki, xətti öz hesabımıza çəkək, buna da razılıq vermirlər. Su idarəsinə müraciət etdikdə isə bildirirlər ki, biz çəkmirik", - deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil:
"Ərazidə mövcud olan su xətləri zamanında əhali tərəfindən primitiv üsulla çəkilib. Yeni qaydalara əsasən vətəndaşlar su təchizatı şəbəkəsinə yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada qoşula bilərlər. Bunun üçün onlar "ASAN xidmət" və ya "ASAN Kommunal" mərkəzlərinə müraciət edərək texniki şərt almalıdırlar. Texniki şərtin tələblərinə cavab verildikdə və bütün prosedurlar tamamlandıqdan sonra abonentlərin su təchizatı şəbəkəsinə qoşulması təmin edilir".