Heydər Əliyev Sarayı yeni konsert mövsümünü ötən gün keçirilən “İsti payızın sərin nəğmələri” adlı geniş musiqili-əyləncəli konsert proqramı ilə açıq elan edib.
Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, möhtəşəm konsertdə ölkəmizin tanınmış sənətçiləri Səbinə Babayeva, Səlim Abbasov, Sevda Yahyayeva, Nurlan Növrəsli, Günay İbrahimli, Murad Sadıx, Amil Həsənoğlu, Kənan Qədimov, Pərviz Abdullayev, Nicat Məhərrəmov, Nicat Cəfərzadə, Elçin Cəfərov, Comedy.az kollektivi və “Cəngi” rəqs ansamblı iştirak ediblər.
Bundan əlavə, istedadlı xanəndələr Gülay Qədirova və Elnur Zeynalovun muğam ifaları və təsnifləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Xanəndələri Rövşən Qurbanov (tar) və Ceyhun Muradov (kamança) müşayiət ediblər.
Ənənəvi olaraq Heydər Əliyev Saray rəhbərliyinin dəvəti ilə Binəqədi və Nəsimi rayonları Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin, Psixo-nevroloji Dispanserin, “Dəcəllər” daun sindromlu xəstə uşaqlar birliyinin, “Himayə” və “Ümid işığında” uşaq təşkilatlarının kollektivləri təmannasız olaraq musiqili-əyləncəli konsertdə iştirak ediblər.
Aytən Sadıqzadə