Dekabrın 12-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar “Heydər Əliyev və milli mənəvi sərvətimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri açan muzeyin direktoru, akademik Rafael Hüseynov dahi şəxsiyyətin zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Bildirib ki, ümummilli lider Heydər Əliyev dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir. Həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. Dahi şəxsiyyət hələ sovet dövründə Azərbaycana rəhbər seçilərkən ölkəmizi tənəzzüldən xilas edərək böyük inkişaf yoluna çıxarıb.
R.Hüseynov qeyd etdi ki, milli mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi həmişə elmə, təhsilə böyük qayğı və diqqətlə yanaşıb. Təsadüfi deyil ki, onun Azərbaycana rəhbərlik etdiyi illər elm və təhsil sahəsində intibahın yeni dövrü kimi səciyyələndirilir. Azərbaycanda təhsil sisteminin, o cümlədən ali təhsil müəssisələrinin formalaşmasında, dövrün tələblərinə uyğun yenidən qurulmasında, sürətlə inkişafında, milli kadrların hərtərəfli hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri vardır.
Ulu Öndərin AMEA-nın tarixində də xüsusi yeri olduğunu, akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini söyləyən muzeyin direktoru bildirib ki, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiya yeni inkişaf mərhələsinə qədəm qoyub. Akademiya “Milli Elmlər Akademiyası” statusunu ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə qazanıb.
Akademik vurğulayıb ki, Ulu Öndərin ölməz ideyaları, müdrik siyasi kursu Azərbaycan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər dahi liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, idarəçilik məharəti və zəngin mənəvi keyfiyyətlərindən geniş söhbət açıblar (azertag.az).