Mədəniyyət Nazirliyinin sistemində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üzrə çalışanların 42.6%-i ümumi orta təhsilli şəxslərdir.
Oxu.Az xəbər verir ki, bu məlumat nazirliyin Milli Məclisə təqdim etdiyi "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirəyə təqdim etdiyi "Kitabxana sisteminin optimallaşdırılması: Təhlil və islahatlar" adlı hesabatında yer alıb.
Hesabatda göstərilir ki, nazirliyin sistemində olan Mərkəzləşdirilmiş Kitabxanalarda ümumilikdə 6 461 kitabxanaçı çalışır ki, onların da yalnız 7.7%-i kitabxanaçılıq üzrə ali təhsil alıblar. Bu sahə üzrə çalışanların 42.6%-i ümumi orta təhsili, 10.4%-i ali qeyri-ixtisas təhsilli, 39.3%-i isə orta ixtisas təhsillidirlər.

Hesabatda diqqət çəkən məqamlardan biri də ümumi kitab fondu üzrə olan statistikadır.
Statistikaya əsasən dillər üzrə fond strukturunda Azərbaycan dilində 15 milyon 979 min 324 nüsxə (84.6%), xarici dillərdə isə 2 milyon 915 min 591 nüsxə (15.4%) kitab var.
Azərbaycan dilində olan kitablardan 9 milyon 202 min 186 nüsxə (57.6%) kiril, 6 milyon 777 min 138 nüsxə (42.4%) isə latın qrafikasındadır.
Fondun 4%-i elmi, 8%-i uşaq ədəbiyyatıdır.