Rusiyanın məşhur teatr və kino aktyoru, RSFSR-in əməkdar artisti, Gürcüstanın xalq artisti Stanislav Sadalski öz “Facebook” səhifəsində 2011-ci ilin dekabrında səfərdə olduğu Azərbaycan və Bakının xatirələrinə həsr olunmuş maraqlı paylaşım edib.
Stanislav Sadalski xüsusən də şəxsən tanıdığı Azərbaycanın dünyaca məşhur müğənnisi Rəşid Behbudovu xatırlayıb.
“Mənim uşaqlıq illərimdə Rəşid Behbudovun ismi parlayırdı. Bu, sadəcə ad deyil, anlayış idi. Moskva adının Kremllə, Leninqradın isə “Avrora” (əfsanəvi kreyser - red.) ilə assosiasiya olunduğu kimi, Behbudov soyadı da az qala Azərbaycanın sinonimi idi”, - məşhur aktyor qeyd edib.
Onun sözlərinə görə, uşaq ikən müxtəlif konsertlərdə Rauf Hacıyevin məşhur “Azərbaycan” mahnısını ifa edib.
Sadalski etiraf edib ki, o, nəğməni ifa edərkən Rəşid Behbudova bənzəməyə çalışıb.
Rusiyalı aktyor istər Rəşid Behbudovun, istərsə də bütün Azərbaycanın simvoluna çevrilmiş bir çox mahnıların sözlərini bildiyini vurğulayıb.
Sadalski “Arşın mal alan”ı sadəcə bir film deyil, Azərbaycanın və Rəşid Behbudovun vizit kartı olduğunu xüsusi olaraq qeyd edib.
“10 il əvvəl dekabr ayında oynadığım tamaşa ilə əlaqədar Bakıda olmuşdum, dostlarımla, köhnə dostum Fərhad (Fəxrəddin) Manafovla görüşmüşdüm. Həmin dekabr səfərində Behbudovun nəvəsi ilə tanış oldum, lakin o, məşhur babası sağ olmayanda dünyaya gəlib, amma mən isə onu tanıyırdım... Gürcüstanda doğulan dahi azərbaycanlı aktyor və müğənninin dekabrda 106 yaşı tamam olacaq... Vətənində onu xatırlayırlar. Bəs Rusiya və Gürcüstanda necə?”, – Stanislav Sadalski sosial şəbəkə hesabında yazıb.