Evdə saxladığımız heyvanlara bir-iki xırda vərdiş qazandırmaq üçün nə çətinliklər çəkirik... Bəs itlərə narkotikin, partlayıcı maddənin tapılmasını necə öyrədirlər?
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji qrupunun itlərin təlimini izləmək üçün yolumuzu oradan saldıq.
Mərkəz Maştağa-Zabrat şosesində yerləşir.
Samba, Şelli, Silva, Bella - it adlarıdır.

Onlar mina, partlamamış maddələrin tapılmasında xüsusi xidmət göstərirlər.
Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və müharibənin digər qalıqlarından təmizlənməsi prosesinə digər dövlət qurumları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub.
Əməliyyatlar əsasən, Ağdam və Füzuli rayonları istiqamətində aparılır.

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji xidmətinin əməkdaşları minaların və basdırılmış gizli sursatların aşkar edilməsi istiqamətində fasiləsiz iş aparırlar.
FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib ki, digər aidiyyəti dövlət qurumları ilə yanaşı Fövqəladə Hallar Nazirliyi də işğaldan azad olunmuş ərazilərin müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir:
“Artıq çox sayda ayrılmış ərazilər təmizlənərək təhvil verilib. Ərazilərin partlamamış hərbi sursatlarla (PHS) çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər sürətli şəkildə mina və partlayıcı maddələri aşkarlayırlar.

Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır”.
Burada itlərə oyun metodu əsasında, qoxu vasitəsilə əşyanın mənbəyini aşkarlamaq öyrədilir. Hər bir itin özünəməxsus ovu, şikarı var. Əvvəldən onların potensialı müəyyənləşdirilir və müvafiq təlimə start verilir.
FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin kineloji xidmətə tabe olan xidməti itlərin artırılması, yetişdirilməsi şöbəsinin rəisi baş leytenant Elvin Qocayevin sözlərinə görə, xidməti itlərdən beş istiqamət üzrə istifadə edilir:

“Bunlardan dörd istiqamət axtarış, biri isə mühafizəyə baxır. Axtarışa - insan, cəsəd, partlayıcı, təhlükəli maddə və mina axtarışıdır. Mina axtarışı dedikdə buna torpaq altında basdırılan partlayıcılar aiddir”.
Həmsöhbətimiz deyir ki, itlər həyata keçirdikləri əməliyyatı həmişə oyun zənn edirlər:
“İşin məsuliyyətindən, ciddiliyindən xəbərdar olmurlar. Neçə tonluq partlayıcı maddə tapsa belə, oyuncaq tapdığını zənn edir”.
FHN əməkdaşları ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Müsahibim qeyd edib ki, düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib:
“Ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir”.
Mərkəzdə xidməti itlər axtarış keyfiyyətinə görə seçilib təlimə hazırlanır.
Seçmə aparılarkən onların axtarış keyfiyyətinə, oyun marağına diqqət yetirilir. Əgər xidməti axtarışa uyğundursa, o, təlimə yönəldilir.

Nəzəri və praktiki məşğələlərlə birlikdə 3-4, bəzən hətta 6 aya qədər təlimçinin ixtiyarında olur. İtlərin öyrədilməsi metodu bütün dünyada əsasən oyun üzərində qurulur.
Mərkəzin itləri dəfələrlə müxtəlif beynəlxalq yarışlarda da iştirak edib.
Bu itlərdən çəkinmək lazım deyil. Onlar yalnız təhlükəsiz, rahat həyatımız üçün mina axtarmağa kömək edirlər.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi mina ilə bağlı əhaliyə də müraciət edib.

Bildirilib ki, mina və ya partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Daxili İşlər Nazirliyinin “102” qaynar xətlərinə məlumat versinlər:
“Bəzi hallarda vətəndaşların qeyri-qanuni yollarla ərazilərə keçməyə cəhd hallarına da rast gəlinir. Bir daha müraciət edərək xahiş edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Partlayıcı qurğuların qurbanına çevrilməyək”.











İlhamə Əbülfət
FOTO: Tapdıq Abdullayev