Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı Məsmə Aslanqızı bu gün doğum gününü qeyd edir.
Oxu.Az xəbər verir ki, Ağaverdiyeva Məsmə Aslan qızı 11 fevral 1978-ci ildə Bakıda dünyaya gəlib. 1994-cü ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsinə daxil olub. Kurs rəhbəri, rejissor Azər Paşa Nemət Akademik Milli Dram Teatrında Elçinin “Ah, Paris!…Paris!..” satirik komediyasını tamaşaya hazırlayarkən onu “Nurbəniz” roluna dəvət edib.
1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında aktrisa vəzifəsində çalışır. Əsasən komik obrazları yaratsa da psixoloji rollarda da çıxış edir (Uilyam Şekspirin “Hamlet” faciəsində Ofeliya və s.). Şahzadə (nağıl-tamaşa “Şıltaq şahzadənin nağılı”), Vera Tretyakova (V.Rozov “Şadlıq sorağında”), Katibə, Falçı Ağabacı (Elçin “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”), Şəhəriyyə (N.Xəzri “Burlaxatun”), Böcək (Ə.Əmirli “Köhnə ev”), Pioner qız (X.Qoca “Hərənin öz payı”), Nazlı (C.Məmmədquluzadə “Ölülər”), Telli (A.Şaiq “Eloğlu”) kimi obrazları yaradıb.
Bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. 26 aprel 2012-ci ildə Teatr nominasiyasında “Boy çiçəyi” tamaşasında uğurlu roluna görə “Humay” mükafatına layiq görülüb.
9 may 2012-ci ildə Prezident mükafatına layiq görülüb.
Aytən Sadıqzadə
www.oxu.az