Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nailə Mirməmmədli: Himnimiz bədbindir - VİDEO
Ötən gün Milli Məclisdə deputat Tahir Kərimlinin himnimizlə bağlı səsləndirdiyi iradlar sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Onun himnimizin çox bədbin və uzun olduğunu qeyd etməsi müzakirə yaradıb.
Oxu.Az məsələ ilə bağlı Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin fikirlərini öyrənib.
Sənətçi saytımıza açıqlamasında Tahir Kərimliyə dəstək verərək, himnimizin bədbin notlara kökləndiyini söyləyib.
“Əslində, bu himni Üzeyir Hacıbəyovla Əhməd Cavad 1918-ci ildə şəhid olan azərbaycanlılara həsr edib. Bu, himn kimi yazılmayıb. Ona görə də, Üzeyir bəy burada minor ab-havası verib. O, “Xalq musiqisinin əsasları” kitabında qeyd edir ki, bayatı-şiraz qəmginlik gətirən musiqidir. Onun çox gözəl digər himni də var, ancaq o sovet dövründə olan Azərbaycana aiddir. Mən də həmişə fikirləşmişəm ki, bu, şəhidlərə aiddir. Biz əgər şəhid verməklə, Azərbaycanın bütövlüyünü təmin etmişiksə, ona görə qəmgin not normaldır”, - deyə bəstəkar bildirib.
Qeyd edək ki, Tahir Kərimlinin təklifində bu fikirlər yer almışdı:
“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri iki dəqiqə səsləndirilir. Ancaq bizdə dövlət himni dörd dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır.
Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet İttifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər