Azərbaycanda qaçaq hərəkatının mərkəzlərindən biri də hazırkı Quba rayonunun ərazisinə düşüb.
Qubada Qaçaq Mayıl məşhurluq qazanıb, bu günün özündə də Qubanın ortayaşlı və yaşlı nəsli Qaçaq Mayılın adını dillərindən düşürmür və onu ehtiramla anır.
ARAYIŞ:
Qaçaq Mayıl 1860-cı illərdə (dəqiq tarixi bəlli deyil) Quba qəzasında, Qonaqkənddə dünyaya gəlib.
Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilib və o, xidmətə alınıb.
Burada yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf açılan ərazidə, Xaşı kəndində iqamətgah tikdirib və orada yaşayıb.
Ancaq “sonrakı tarixi proseslərdə Mayılın həyat kitabının məşəqqətli və şərəfli səhifələri yazılıb” desək, səhv etmərik.
Azərbaycanda Demokratik Cümhuriyyət qurulması ərəfəsində cücərən və sürətlə boy atan ideoloji zəhərləri xalqımızın tarixinin arteriyasına yeritməyə cəhdlər edilir.
Qaçaq Mayıl bu zəhərin metastaz verməməsinə qarşı duruş gətirən şəxslərdən birinə çevrilir, erməni-bolşevik quldur dəstələrinin qarşısını almaq üçün özünün dəstəsi ilə mübarizəyə başlayır.
Rəsulzadənin dostu
Tarixin süzgəcindən keçib gələn məlumatlara əsasən, Qaçaq Mayılın Azərbaycan Xalq Cümhuriyyətinin fəalları ilə sıx əlaqələri və dostluq münasibətləri olub.
Bildirilir ki, Qaçaq Mayıl şəxsən Məhəmməd Əmin Rəsulzadənin yaxın dostu olub. Məhəmməd Əmin Rəsulzadə Lahıcda olduğu vaxtlarda Məşədi Qaim adlı bir vasitəçi ilə daim Rəsulzadənin vəziyyəti barədə əlaqə saxlayıb, ona yardım edibmiş. O, həmçinin Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanı tərk etməsində iştirak edib.
NKVD-nin planları
XI Qırmızı Ordu Azərbaycanı işğal etdikdən sonra, Qaçaq Mayıl öz dəstəsi ilə qaçaq düşür və dağlara çəkilir. Onun təslim olmaması tərəfdarları arasında yüksək əhval-ruhiyyə yaradır və onlar Mayılın dəstəsinə qoşulurlar.
Qaçaq Mayılı və dəstəsini ram edə bilməyən bolşeviklər onun haqqında şayiələrin yayılması planını işə salırlar.
Qaçaq Mayılın oğlan övladlarından birinin NKVD tərəfindən öldürülməsi bu planın müqəddiməsinə çevrilir, daha sonra planının ikinci mərhələsi başlayır.
NKVD tərəfindən şayiələr körüklənir, düşüncələrə şübhə toxumları səpilir ki, Qaçaq Mayıl xalqın gözündən düşsün.
Belə ki, Qaçaq Mayılın oğlunun mübahisə zəminində öz atası tərəfindən öldürüldüyü fikirləri sürətlə tirajlanır.
Mayılın ətrafında inamı, ona olan etimadı sarsıtmağa çalışan NKVD onun axırına çıxmaq üçün son həmləyə başlayır.
Qaçaq Mayıl əvvəlcədən qurulan planla 1924-cü ilin mayın 24-də Utuq dairəsində tələyə salınaraq atəşə məruz qalır və öldürülür.

Qonaqkənddə uçuq ev...
Qubanın Qonaqkənd qəsəbəsinə səfərimiz zamanı uçuq-sökük bir ev diqqətimizi çəkir. Təkcə ona görə yox ki, bu evdə heç kim yaşamır, ona görə ki, bu evin konstruksiyasında qəribə bir təzad gözə dəyir: Evin birinci mərtəbəsi ilə ikinci mərtəbəsini ayıran taxta dayaq artıq bölünmüş vəziyyətdədir, həm də ona görə ki, evin bünövrəsi laxlayıb.

Ancaq evin damı müasir dam örtüyü ilə yenilənib, müasirliklə tarix arasındakı bu əcaib paradoksdan anlayırıq ki, bu ev tarixi əhəmiyyətə malikdir.
Sakinlərlə söhbətimiz zamanı aydın olur ki, bu ev Qaçaq Mayılın ata mülküdür, hazırda yalnız üstü təmir olunub, amma evin əsaslı təmiri üçün müraciətlər edilsə də, bu, reallaşmamış qalır.
Qonaqkənd sakini, keçmiş müəllim Bəxtiyar Məstənov deyir ki, Qaçaq Mayıl öldürüləndən sonra onun üç oğlu Babadağa çəkilib. Oğlu Qaçaq Osman sovet hakimiyyətinə qarşı qətiyyətli mübarizəyə başlayır.
“NKVD Qaçaq Mayıla qurduğu tələni oğluna qarşı da həyata keçirir. Atışmaların birində Osman ayağından yaralanandan sonra Babadağda “Mayılın kahası” adlanan yerdə yaşayır. Qaçaq Osmanla bacara bilmədiyini görən NKVD kəndin sayılıb-seçilən şəxslərindən birinin ailəsini girov götürür.
Şərt irəli sürür ki, Osman təslim olmasa, həmin ailə öldürüləcək”, - deyə Bəxtiyar müəllim böyük həvəslə Qaçaq Mayılın istər bioloji, istərsə də mənəvi irsinə qarşı həyata keçirdiyi tədbirlərdən danışır.
NKVD Osmanın, onun qardaşı İbrahimin həbsinə nail olur və onları Kazana sürgünə yollayır...
Qaçaq Mayılın 7 övladı olub.
Bəxtiyar müəllim deyir ki, Qaçaq Mayılın böyük qızı Seyrə Zahirova hazırda Bakıda yaşayır.
“Seyrə xanım tez-tez bu gördüyünüz evə gəlirdi, o, atasının yadigarı olan bu evi təmir etdirmək istəyir, amma hələlik buna nail olunmayıb”, - deyən Bəxtiyar Məstənov yenidən Qaçaq Mayılın açıq mətnlərdə rast gəlinməyən biblioqrafiyasına diqqət çəkir.
Onun sözlərinə görə, ulu babası Qaçaq Mayılı görüb, Bəxtiyar müəllimin anası isə onlara Qaçaq Mayıldan danışırmış.
“Mən öz anamdan da, Qonaqkəndin rəhmətə getmiş sakinlərindən də Qaçaq Mayıl haqqında çox müsbət şeylər eşitmişəm. Qaçaq Mayıl haqqın, ədalətin yanında olub, hələ çar ordusunda xidmət edərkən Qonaqkənddə qayda-qanun yaradıb. Özü də Qaçaq Mayıl gözəl ovçu olub”, -deyə Bəxtiyar müəllim sözlərini yekunlaşdırır.
Qaçaq Mayılın çox geniş şəcərəsi var, amma onlar haqqında müfəssəl məlumatlar yoxdur. Qonaqkənd sakinləri də bircə onu bilirlər ki, son illərə qədər Qaçaq Mayılın qızı, onun övladları, nəvələri bu evə baş çəkiblər.
Tarix belədir... Həm şən qəhqəhələri ilə xalqın üzünə təbəssüm qondurur, həm də məşəqqətli səhifələri ilə kədərləri xatırladır.
Aidiyyəti qurumların isə hərəkətə keçərək Qaçaq Mayılın timsalında kədərqarışıq qüruru xatırladan bu evin təmiri üçün işlər görəcəyinə ümid edirik...



Aqşin Kərimov
FOTO: Tapdıq Abdullayev