Onlar “Street Cover” layihəsi ilə dünyanı gəzib Azərbaycan musiqilərini ifa edir, “1990-2000”lərin ən seçmələri” layihəsi ilə insanların marağına səbəb olurlar.
Oxu.Az-ın əməkdaşı Röya Miriyeva və Rizvan Əliyev cütlüyü ilə söhbətləşib:
- Neçə yaşınızdan musiqi ilə məşğulsunuz?
Rizvan: Musiqi ilə uşaq yaşlarımızdan məşğuluq. 2011-ci ildən müxtəlif məkanlarda canlı musiqilərlə çıxış edirik. Məktəbli vaxtlarımda musiqi məktəbinə də getmişəm.
Röya: 14 yaşımda fərdi olaraq gitara və vokalla məşğul olmağa başladım. O ərəfələrdə canlı musiqilər ifa etdik.
- Sizcə, Azərbaycanda musiqi sahəsi nə vəziyyətdədir?
Röya: Nəinki Azərbaycanda, dünyada musiqi sahəsində axsaqlıq var, musiqi bayağılaşıb, ucuzlaşıb. Köhnə mahnıları həmişə yeni imiş kimi dinləyirik. Amma indi dünyada mahnılar bir-iki sezonluq çıxır, tez unudulurlar, bir il sonra heç yerdə səslənmir, insan qulaq asmaq istəmir. Uzun müddət dildən düşməyən, dinləyə biləcəyimiz mahnılar yoxdur, çöküş var.
Rizvan: Səbəbi təklifin az olmasında görürəm. Dörd tərəfdən bayağı musiqi təqdim olunursa, məcbur qalıb dinləyirlər. Heç olmasa iki tərəfdən keyfiyyətli musiqi eşidilsə, insan seçim qarşısında qalacaq və zövqü formalaşacaq.
- Çıxışlardan əvvəl həyəcanlanırsınız?
Röya: Həyəcan, demək olar ki, olmur. Gündəlik olaraq canlı çıxışlar etməyimiz bunun öhdəsindən gəlməyə kömək edir. Böyük auditoriya qarşısına çıxanda həyəcan olur, amma o, oxuyana qədərdir. Gözünü yumub oxuyanda həyəcan keçib gedir.
- Musiqi ilə məşğul olmağa yeni başlayanlara nə kimi tövsiyələriniz var?
Rizvan: Zövqlü musiqilər dinləsinlər. İstər vokalist, istərsə də gitarist, pianistlər özlərini təkmilləşdirsinlər. “Bu, milyonlarla baxış qazanacaq” deyib onu etməsinlər.
Röya: Məncə, daha geniş, başqa rakurslardan baxmalıyıq. Ancaq Azərbaycan olaraq düşünməməliyik. Özümüzə qıraqdan – amerikalı, italyan, fars, ərəb kimi baxmalıyıq ki, necə görünür, necə təsir bağışlayır. Başqa ölkələrin musiqilərini dinləyib musiqimizə nələrsə qatmaq lazımdır.
- Gələcək üçün planlarınız nələrdir?
Rizvan: Bakıda və bölgələrdə müntəzəm olaraq konsertlər keçirmək. Ən böyük arzularımızdan biri odur ki, musiqiçilər həftəlik iş və korporativlə yox, konsertlə qazansınlar.
Röya: Konsert ifaçısı olmaq və bütün dünyanı gəzmək.
Nəzrin Həsənova