Xəbər verdiyimiz kimi, Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Oqtay Qədir oğlu Zülfüqarov avqustun 31-də vəfat edib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, bəstəkarla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək.
Oqtay Zülfüqarov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib, dahi Azərbaycan bəstəkarı, professor Qara Qarayevin tələbəsi olub.
Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım” uvertürası, “Qız ulduz”, “Pişik və sərçə” nağıl-operaları, “Sehrli alma” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur.
Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr edib. Onun uzun illər ərzində yazdığı “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı?”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub.
10.49
Azərbaycanın məşhur uşaq bəstəkarı, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova məlumat verib.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.
Aytən Sadıqzadə
www.oxu.az