Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyət Günlərinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, qala konsert K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçirilib.
Konsert proqramını Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, digər rəsmilər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar izləyiblər.
Konsert zalını başdan-başa alqışlara qərq edən proqramda Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Əlixan Səmədov, Tünzalə Ağayeva, Azər Zeynalov, Gülyaz Məmmədova, Əməkdar artistlər Rəşad İlyasov, Lalə Məmmədova, İlahə Əfəndiyeva, İlkin Əhmədov, Nərgiz Kərimova, İnarə Babayeva, Ramil Qasımov, solistlər Orxan Hüseynli, Leyla Rəhimova, İlhamə Qasımova, Səxavət Məmmədov, İbrahim Babayev, Humay Qədimova, Aşıq Samirə, Aşıq Əli, həmçinin "Qarabağ" orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, "Mərdan" qrupu və başqaları çıxış ediblər.
Proqramda Əli Səliminin "Sizə salam gətirmişəm" mahnısı, Üzeyir Hacıbəylinin "Sevgili canan" romansı, "Arşın mal alan" operettasından "Əsgərin və Gülçöhrənin dueti", Ələkbər Tağıyevin "Sən gəlməz oldun", Bəhram Nəsibov "Qarabağ" mahnıları, Qara Qarayevin "Yeddi gözəl" baletindən "Adajio", Tofiq Quliyevin "Qaytağı", "Sevgi valsı" əsərləri, Yevgeni Brusilovskinin "Boz ayqır süitası", Oqtay Kazıminin "Taleyim mənim", Arslanbek Sultanbekovun "Dombıra", Elza İbrahimovanın "Ey Vətən" nəğmələri, Fikrət Əmirovun "Sevil" operasından "Dilbərin ariyası" və "Balaşın mahnısı", Eduardo di Capua və Alfredo Mazzucchinin "O sole mio" əsəri, həmçinin "Üç gündən bir, beş gündən bir" Azərbaycan xalq mahnısı, "Uzundərə" xalq rəqsimiz və digər mahnılar ifa edilib. Qazaxıstanın Əməkdar artisti Əlişir Kərimov da ifası ilə qala konsertə öz töhfəsini verib.
Sonda bütün ifaçılar M.Maqomayevin məşhur "Azərbaycan" mahnısını birgə səsləndirərək konsertə yekun vurublar. Son ifa ayaq üstə alqışlanıb.
Xanım Aydın
Bu gün Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Milli Muzeydə Qazaxıstan Milli İncəsənət Universitetinin tələbələri üçün mühazirələr təşkil olunub.
Oxu.Az xəbər verir ki, mühazirələrdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın "1920-1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika", Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın "Təbriz miniatür məktəbi" və Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın "Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət" mövzularında çıxış ediblər.
Şirin Məlikova məruzəsində Azərbaycanda realist rəssamlıq məktəbinin təşəkkülündən bəhs edərək, onun inkişaf trayektoriyasını müəyyən edən məşhur rəssamların əsərləri əsasında XX əsrin rəngkarlıq və qrafika üslublarını və istiqamətlərini nəzərdən keçirib.
Sevil Kərimova "Təbriz miniatür məktəbi" adlı məruzəsində qeyd edib ki, Azərbaycan miniatür sənəti uzun bir inkişaf yolu keçib. Onun ilk nümunələri XIII əsrdə yaradılıb: "Birinci Təbriz məktəbinin rəssamları uyğur-çin və ərəb-Mesopotamiya ənənələrini uğurla sintez edərək diqqətəlayiq nümunələr yaradıblar. Təbriz miniatürü Səfəvilər dövründə, Sultan Məhəmmədin başçılıq etdiyi dəbdəbəli kitabxananın burada fəaliyyət göstərdiyi zaman öz zirvəsinə çatıb. Öz üslubunun formalaşması kontekstində Təbriz məktəbi Osmanlı, Hindistan, İran və digər Şərq miniatür məktəblərinə güclü təsir göstərib. Müasir Azərbaycan incəsənətində Təbriz miniatürü ikonik ilham mənbələrindən biridir".
Daha sonra öz məruzəsində Əminə Məlikova xalça sənətindən söz açıb. O bildirib ki, xalqımızın dünyagörüşünü, milli xüsusiyyətlərini və estetik zövqünü əks etdirən xalça sənəti Azərbaycan mədəniyyətinin inkişaf tarixində xüsusi yer tutur.
Xanım Aydın
Rəylər