Noyabrın 23-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında milli musiqi sənətimizin tanınmış nümayəndələrindən biri, bəstəkar, Xalq artisti Ramiz Mustafayevin anadan olmasının 90 illiyinə həsr olunmuş musiqili gecə təşkil olunub.
“Ötən illərin nəğmələri” adlı gecə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Əvvəlcə sənətkarın keçdiyi ömür yolunu əks etdirən videoçarx nümayiş edilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova çıxış edərək unudulmaz bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, musiqi xəzinəmizin zənginləşməsindəki xidmətlərindən danışıb.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Tofiq Əhmədov adına estrada simfonik orkestrinin müşayiəti ilə respublikanın gənc və tanınmış ifaçıları R.Mustafayevin əsərlərini səsləndiriblər.
A.S.
www.oxu.az