1997-ci ildə Azərbaycana gələndə anladım ki, bura mənim ölkəm, mənim xalqımdır. Ölkənin inkişafda olması çox xoşdur.
Oxu.Az xəbər verir ki, bu barədə “Vestnik Kavkaz”ın müxbiri ilə söhbətdə tanınmış rusiyalı rəssam Nikas Safronov bildirib.
“Mən orada sərgilər keçirir, prezident Heydər Əliyevin portretini çəkir və onunla dostluq edirdim. Mən İlham Əliyevlə - Azərbaycanın hazırkı prezidenti ilə ünsiyyət və münasibət saxlayıram”, - deyə, o, bildirib.
Safronovun rəyinə görə, Rusiya və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir.
O xatırladıb ki, “Vladimir Vladimiroviç Putin ilk dəfə prezident seçiləndən sonra ilk etdiyi iş Azərbaycana səfər edərək Heydər Əliyevlə görüşmək və müqavilələr bağlamaq olub”.
“Azərbaycan bizim üçün strateji və siyasi baxımdan çox vacib və düşünürəm ki, ən yaxın ölkədir”, - deyə, o, əlavə edib.
“Mənim fikrimcə, Azərbaycan daim yanında olan dostdur. Və o, həmişə dəstəkləyəcək, anlayacaq və bununla belə, müstəqil olaraq qalacaq. Mən Azərbaycanı, Bakını çox sevirəm və tez-tez ora gəlirəm. Və mənim bu ölkə ilə bağlı çoxsaylı işlərim var”, - deyə, rəssam vurğulayıb.
Safronov Azərbaycan prezidentinin dəstəyi ilə Bakıda sərgi keçirməyi planlaşdırdığını bildirib.
“Ümid edirəm ki, şəhər sakinləri də bu sərgiyə gələcəklər”, - deyə, o, əlavə edib.