Məşhur fransız dizayneri Rolan Murenin mayın 23-də Scoop Emporium butikində keçən “Payız-Qış 2014” kolleksiyasının nümayişi moda həvəskarları üçün vacib hadisə olub.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, həmin gün kutyurye şəxsən mağazanın önündə Le Palais Royal stilində dekorasiya edilmiş meydançada qonaqları qəbul edib. Fransız duetinin musiqi sədaları altında qonaqlara növbəti mövsümün son kolleksiyası nümayiş olunub.
Roland Mouret brendi Hollivud ulduzlarının ən sevimli markalarından biridir. Moda evi 1998-ci ildə keçmiş model Rolan Mure tərəfindən yaradılıb. Günəşli Şərq şəhəri Bakının gözəlliyinə heyran olan dizayner təəssüratlarını jurnalistlərlə bölüşüb:
“Bu, Bakıya ilk səfərimdir. Mən yeni ölkələrə səfər etməyi çox sevirəm. Bəxtim gətirdi ki, belə bir şəhərə səfər edə və buradan ilhamlana bildim”.
Kolleksiya tezliklə Scoop vitrinlərində olacaq. Artıq hər kəs nümayişdən bəyəndiyi əşyanı əldə edə biləcək.