Bu gün “SA Organization”ın təşəbbüsü ilə fiziki qüsurlu uşaqlar, bir neçə orta məktəb şagirdləri, orta ixtisas, ali məktəbin əlaçı tələbələri və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) akt zalında tədbir təşkil edilib.
Tədbirdə “SA Organization”ın rəhbəri Səlahattin Atalay, ATİB başkanı yardımcısı Sami bəy və Türkiyə Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet bəy qonaqları salamlayaraq bugünkü tədbirin təşkil olunma məqsədindən söhbət açıblar.
Oxu.Az xəbər verir ki, tədbirin təşkil olunmasında məqsəd fiziki qüsurlu gənclərimizə mənəvi dəstək olmaq və onların cəmiyyətə necə yararlı vətəndaş olduqlarını göstərmək idi.
Tədbirin digər məqsədi isə həmin gəncləri ruhlandırmaq və Türkiyənin məşhur rəqs qruplarından olan “Anadolu Atəşi”nin 6,7,8 iyun 2014-cü il tarixində Heydər Əliyev Sarayında baş tutacaq konsertinə iştirakını təmin etmək idi.
Tədbiri giriş sözü ilə açan “SA Organization”ın rəhbəri Səlahattin Atalay bildirib ki, bugünkü tədbirin məqsədi əla qiymətlərlə oxuyan, lakin maddi imkanı olmayan şagirdləri, eyni zamanda fiziki qüsurlu uşaqların konsertdə iştirakına dəstək olmaqdır:
“ATİB və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Anadolu Atəşi”nin 75 nəfərlik rəqs qrupu iyun ayının 5-də Bakıya gələcək. Həmin gün onlar saat 13.00-da Atv-də yayımlanacaq verilişlərin birində qonaq olacaqlar”.
Sami bəy:
“ATİB 10 ildir ki, Azərbaycanda qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir. Bizim təşkilatımızın məqsədi hər iki ölkənin maraqlı layihələrini həyata keçirməkdir”.
Seyit Ahmet bəy:
“Bu cür tədbirlərə həmişə dəstək olmağa çalışıram. Türkiyə folklorunun layiqli təmsilçisi “Anadolu Atəşi”nin Bakıda verəcəyi konsertinə görə həyəcan keçirirəm. Belə tədbirlərdə iştirak edə bilməyən əlil uşaqlar və gənclər üçün bu addımın atılması məni çox sevindirir.
2013-cü ildə bu cür tədbir təşkil etmişdik. Azərbaycan Akademik Milli Dram Teatrında Atalay Demircinin konsertindən gələn gəliri autizm xəstəliyindən əziyyət çəkən uşaqlara sərf etdik. Bizim belə tədbirlərimiz çox olub”.
Daha sonra 42 saylı orta məktəbin 7-ci sinif şagirdi Rauf Əliyev və Sənaye Pedaqoji Kollecinin birinci kurs tələbəsi Elanə Səmədova “Azərbaycan-Türkiyə” adlı səsləndirdikləri şeir ilə zalda əyləşənləri valeh ediblər.
Tədbirin sonunda Respublikanın bir neçə orta, orta ixtisas, ali məktəbinin əlaçı tələbələrinə və fiziki qüsurlu uşaqlara “Anadolu Atəşi”nin konsertinə biletlər təqdim olunub.
Qeyd edək ki, Türkiyənin “Anadolu Atəşi” rəqs qrupu iyun ayının 6,7,8-də Bakıda Heydər Əliyev Sarayında “The Best of Anadolu Ateşi” adlı konsert proqramı ilə çıxış edəcək.
Konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyi, 107.7 “AvtoFM” radiosu, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasıdır (ATV).
Konsertin təşkilatçısı “SA Organization”dır.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az