Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olub.
Oxu.Az xəbər verir ki, Sara xanım 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına kolleci, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirib.
Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində (indiki BDU) baş müəllim, Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) dekan vəzifəsində çalışıb. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxuyub.
O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləyib, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs deyib, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq o vaxtı ağır müharibə illərində özünə birtəhər gəlir əldə edib.
Sərgilərdən birində onun “Göygöl” əsərini Meksika nümayəndələri alır. Bu əsər indi Meksika muzeyində saxlanılır. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib.
Sara Aşurbəyli sonralar Azərbaycan Tarix Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləyib, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olub.
O, “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülüb. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət” ordeni və Respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılıb, Xəzər Universitetinin Fəxri Doktoru adını alıb.
Görkəmli alim 2001-ci il iyulun 17-də 96 yaşında vəfat edib.
Aytən Sadıqzadə
www.oxu.az