Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Sehirli xalat”ın Zərifəsi 50 ildən sonra
Uşaqlarla bərabər böyüklərin də indiyədək sevə-sevə baxdığı məşhur “Sehirli xalat” filminin çəkilməsindən 50 il ötür. Ekran əsəri bir qrup pionerin macərasından bəhs edir. Məşhur illüzionist İo Kionun (Anatoli Falkoviç) köməyi ilə uşaqlar keçmişə və gələcəyə səyahət edir. “Sehirli xalat”da “Zərifə, gülümsə” ifadəsi indiyədək dillər əzbəridir. 50 il ötməsinə baxmayaraq, Zərifənin təbəssümü dəyişməyib. Zərifə rolunun ifaçısı Solmaz Hətəmova cəmi bir filmə çəkildiyi üçün peşmandır.
Oxu.Az xəbər verir ki, 63 yaşlı Solmaz xanım “Sehirli xalat”a çəkilməsinin maraqlı tarixçəsi və filmin kadrarxası məqamlarını “New Baku Post”la bölüşüb:
“Elmi-tədqiqat İnstitutunda işləyirdim. Sonra Rabitə Kollecində dərs dedim. Hazırda təqaüddəyəm. “Sehirli xalat” filmində 13 yaşımda çəkilmişəm. Oxuduğum 150 saylı məktəbin direktoru dedi ki, qızların saç düzümünü yoxlamaq üçün komissiya gələcək.
O vaxt saçlar səliqə ilə yığılmalı, bantla bağlanmalı idi. Günlərin birində direktor iki nəfərlə sinifə gəldi. Sonradan bildim ki, rejissor köməkçiləridir. Biri Hamlet Qurbanov idi. Məni və bir qızı seçdilər və tapşırdılar ki, səhər kinostudiyaya gələk. Əvvəlcə foto, sonra isə kinosınaqdan keçdik.
Əslində məni balaca pioner Səidə, digər qızı isə Zərifə roluna çəkmək istəyirdilər. Uşaq idim, necə olursa-olsun kinoya çəkilmək istəyirdim. Ona görə dedim ki, bütün rolları bəyənirəm. Bu dəfə rejissor soruşdu ki, Zərifə rolunu oynamaq istəyərsənmi? Açığı, rol böyük olduğundan tərəddüd etdim. Nə isə... Zərifə roluna 600 qız dəvət edilmişdi, sınaqdan sonra 10-15 nəfər qaldı, onların da arasından məni seçdilər.
Aktrisa olmaq istəmirdim, sadəcə filmə çəkilmək istəyirdim. Əslində, “Sehirli xalat” filminə çəkilməyimdən də valideynlərim narazı idi. Çox gözəl səsim vardı.
Çəkilişlərin bir hissəsi də Filarmoniyanın bağında keçirdi. 3 dəqiqəlik kadr bir neçə günə çəkilirdi. Mənim yeşikdən çıxan kadrım çox çətinliklə ərsəyə gəldi. Yeşiyin arxa hissəsini kəsib çarxın üstünə qoymuşdular və mən reysin üzərində durmuşdum. Onu iplə çəkirdilər və mən get-gedə böyüməli idim.
Uşaqların çoxu inanırdı ki, biz doğrudan da raketlə kosmosa uçmuşuq. Onları əsas maraqlandıran keçmiş və xan idi. Elə bilirdilər ki, biz doğrudan da keçmişə gedib xanla görüşmüşük. Filmdə xanın arxasınca qaçdığımız kadrlar 3-4 günə çəkilib. Bakı bağlarında qoca qadınlardan biri bizi su içib, üzüm yeməyə çağırdı və Əliağa müəllimi görəndə elə bildi, doğrudan da, xandır, az qaldı qarşısında baş əysin. Biz dedik ki, bu xan deyil, aktyor Ə.Ağayevdir.
İndi heç kəslə əlaqəm yoxdu. Azər ABŞ-da yaşayır. Film çəkiləndən sonra bir müddət uşaqlarla – Almaz Mustafayeva (Səkinə rolunun ifaçısı), Yusif Şeyxov (Eldar rolunun ifaçısı), A.Qurbanovla tez-tez görüşdük. Almaz hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır”.
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?