Bu gün Azərbaycanın teatr və kino sənətinin parlaq simalarından biri, Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür.
Oxu.Az xatırladır ki, aktyor 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb.
Qısa, lakin çox zəngin yaradıcılıq yolu ilə Azərbaycan səhnə sənətində iz qoyan Bəşir Səfəroğlu Bakıda yeddiillik təhsil alıb. Ailə vəziyyətinin çətinliyi səbəbindən təhsilini yarımçıq qoymalı olub.
Teatra, sənətə olan marağı erkən yaşlarından özünü göstərdiyindən o,14 yaşında dram dərnəyinə yazılıb, kiçik birpərdəli məsxərələrin tamaşalarında ilk addımlarını ataraq səhnə ilə tanış olub.
1941-ci ilin sonunda başlayan İkinci Dünya müharibəsi onun həyatına da təsirsiz ötüşməyib. Gənc aktyor cəbhəyə yollanıb və 1942-ci ildə kontuziya alaraq ordudan geri qayıdıb. Müharibənin ağır izləri onun səhhətində problemlər yaradıb - dili tutulur, qulaqları isə çox zəif eşidirdi. Bu çətinliklərə baxmayaraq, B.Səfəroğlu müxtəlif işlərdə çalışıb - bir müddət fəhlə və yük maşını sürücüsü kimi fəaliyyət göstərib.
Səhnədən uzaqlaşmayan Bəşir Səfəroğlu bir müddət sonra teatr truppasına qəbul edilib və bununla da onun yaradıcılıq yolu başlayıb.
Aktyor xüsusilə musiqili komediya janrında yaratdığı satirik və yumoristik obrazlarla tamaşaçıların böyük sevgisini qazanıb. O, Üzeyir Hacıbəyov və Zülfüqar Hacıbəyov kimi sənətkarların operettalarında, eləcə də çağdaş dramaturqların əsərlərində yaddaqalan rollar ifa edib.
Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları kimi "Möhsün" ("Beş manatlıq gəlin", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), "Qaradavoy" və "Çiko" ("Keto və Kote", Vladimir Dolidze), "Usta Məhərrəm", "Qoçu Əsgər" və "Məşədi İbad" ("Məşədi İbad", Üzeyir Hacıbəyov), "Uzun" və "Nəcəf" ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), "Qədir" və "Gülümsərov" ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), "Səlyanski" və "Qəhrəman" ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov) və s. göstərmək olar.
1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası nəzdində "Gəlməli, görməli, gülməli" miniatür teatrı yaradılıb. Bu kollektivdə Əliağa Ağayev, Müxlis Cənizadə və Ofeliya Abbasova ilə birlikdə çıxış edən Bəşir Səfəroğlu onlarla satirik obraz yaradaraq tamaşaçıların rəğbətini qazanıb.
Görkəmli gülüş ustasının həyat və yaradıcılığına həsr olunmuş eyniadlı bədii-sənədli televiziya filmini isə rejissor Rauf Kazımovski çəkib.
Sənətdə qazandığı uğurlara görə Bəşir Səfəroğlu 1964-cü ildə "Əməkdar artist", 1968-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Təəssüf ki, böyük sənətkarın ömrü uzun olmayıb. Bəşir Səfəroğlu 1969-cu il martın 23-də, cəmi 44 yaşında vəfat edib. O, Bakıda Fəxri xiyabanda dəfn olunub.