Xəbər verdiyimiz kimi, 2015-ci ildə Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Dekabrın 21-də Şəki şəhərindəki “Şəki Palas” otelində Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqlər şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, şəhər ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mətbuat konfransını şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin heç də təsadüfi olmadığını bildirib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, TÜRKSOY-un ən uğurlu layihələrindən biri də 2012-ci ildən başlayaraq türk dünyasının mədəniyyət paytaxtlarının seçilməsidir.
Sonra Düsen Kaseinov TÜRKSOY tərəfindən hazırlanan və Şəkiyə həsr olunan fotoalbomları, Azərbaycanın və türk dünyasının tanınmış şairi Bəxtiyar Vahabzadənin 90 illiyi ilə əlaqədar nəşr olunan “90 şeir” kitabını və Şəki ilə bağlı bukletləri şəhər rəhbərliyinə təqdim edib.
Daha sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, şəhər icra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, həmçinin Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık, Ankara Dövlət Teatrının sənətçisi Erdal Küçükkömürçü və digər qonaqlar Şəki Dövlət Dram Teatrında türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi” tamaşasının premyerasında iştirak ediblər.
Diqqətə çatdırılıb ki, türk yazıçısının 100 illiyi ilə əlaqədar 2015-ci il TÜRKSOY tərəfindən “Haldun Taner ili” elan olunub. Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rolları teatrın aktyorları Rəhim Qocayev, Kəmalə Məmmədova, İqrar Salamov, Xanlar Həşimzadə və başqaları ifa ediblər.