8-17 oktyabr 2015-ci il tarixində Portuqaliyanın Lissabon şəhərində keçiriləcək “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Festivalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaqdır.
Oxu.Az xəbər verir ki, 2007-ci ildən etibarən “Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondu”nun təşkilatçılığı ilə ənənəvi olaraq hər il “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Festivalı keçirilir. Dünyanın 40-dan artıq ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edirlər. Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildə isə Portuqaliyanın Lissabon şəhərində keçirilmişdir. Hər il festivalı 200 minədək tamaşaçı ziyarət edir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildə Əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə Əməkdar rəssam Sakit Məmmədov, 2012-ci ildə Rəşad Mehdiyevlə gənc rəssam Məryəm Ələkbərli, 2013-cü ildə Namiq Məmmədov, 2014-cü ildə isə Əməkdar rəssam Xalq rəssamı Tahir Salahov və Sakit Məmmədovun rəhbərliyi ilə bir qrup rəssam Azərbaycanı bu festivalda təmsil etmişdir. Çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən ölkəmizi təmsil edən rəssamlar müxtəlif nominasiyalar üzə birinci mükafata layiq görülmüşlər.