Son dövrlər teatrlarda aparılan struktur dəyişiklikləri, xüsusilə də baş rəssam ştatının ləğvi sənət cameəsində müxtəlif suallar doğurur. Bu dəyişikliklərin teatrın vizual dili, estetik bütövlüyü və gənc rəssamların inkişafı baxımından necə nəticələr verəcəyi diqqət mərkəzindədir.
Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ləğv olunan baş rəssam ştatında işləmiş Vüsal Rəhim bildirib ki, bu qərarlar haqqında əvvəlcədən kifayət qədər məlumatı olmayıb.

"Əgər bütöv şəkildə məsləhət görülübsə, deməli, gərəkli hesab edilib", - deyə V.Rəhim vurğulayıb.
Baş rəssam ştatının ləğvinin teatrın vizual üslubuna təsiri məsələsinə gəlincə isə, V.Rəhim qeyd edib ki, bu vəzifələr tarixi baxımdan vacib olsa da, son illərdə formal xarakter daşıyıb:
"Mən 2013-cü ildən ixtisasım üzrə teatrlarla işləyirəm. 2021-ci il də "Yuğ", sonra isə Akademik Musiqili Teatrın baş rəssamı olmuşam. Amma özümü əsasən ixtisasım olan quruluşçu rəssam kimi hiss etmişəm və il ərzində teatrda əsas fəaliyyətim quruluşçu rəssamlıq olub. İl ərzində bir neçə teatrda 5-7 tamaşaya səhnə və geyim üzrə vizual quruluş vermişəm. Bütövlükdə fəaliyyətim, məncə Akademik Musiqili Teatrın repertuarında vizual dəyişiklik yaradıb.
Baş rəssam ştatının ləğvindən sonra səhnə tərtibatında uzunmüddətli estetik xəttin qorunub-qorunmayacağı məsələsi isə hələ açıq qalır. Yeni qərarın bu məsələyə müəyyən təsirləri ola bilər, amma nəticələri yalnız gələcək göstərəcək.
Baş rəssam olmadan ayrı-ayrı tamaşalar üçün dəvət olunan rəssamlarla işləmək məsələsinə gəlincə isə, hesab edirəm ki, incəsənətdə dialoq, müzakirə və yaradıcı fikir mübadiləsi inkişafın əsas şərtidir. Bununla belə, əvvəlki sistemdə baş rəssam səhnəni dərindən tanıyan, onu qoruyan məsul şəxslərdən biri idi. İndi isə yeni dəvət olunan qonaq rəssamlara bu texniki və estetik nüansları ötürəcək bir şəxsin olmaması müəyyən çətinlik yarada bilər", - deyə V.Rəhim vurğulayıb.
Əzizə İsmayılova