Rusiya Federasiyasının Dövlət Tretyakov Qalereyasında Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun “Tahir Salahov. Günəş zirvəsi” adlı sərgisinin təntənəli açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova və Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və muzeyin baş mühafizi Nailə Rəhimova iştirak edir.

Tretyakov Qalereyasının konfrans zalında keçirilən açılış mərasimində çıxış edən qalereyanın direktoru Zelfira Trequlova Tahir Salahovun həyat və yaradıcılığı barədə danışıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Rusiya xalqlarının fəxri olan Tahir Salahovu böyük ustad adlandırıb.

Qeyd olunub ki, Tretyakov sərgi salonunda ilk dəfədir Azərbaycan rəssamının fərdi sərgisi açılır və bu sərgi bir daha görkəmli fırça ustası Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.

Xalq Rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirdib, əsərlərinin məşhur Tretyakov Qalereyasında nümayiş etdirilməsindən məmnunluğunu ifadə edərək deyib:
“Mən əsərlərimdə reallığı əks etdirmişəm, çünki reallıq əsrlərlə yaşayır. Əsərlərimin qəhrəmanlarının hər birini şəxsən tanıyıram. Əminəm ki, bu reallıq və xatirə hər zaman aktuallığını qoruyacaq”.

Sərgidə Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də rəssamın Bakıdakı ev-muzeyinin ekspozisiyalarında və şəxsi kolleksiyalarda yer alan “Qara Qarayev”, “Aydan”, “Qırmızı istiotlarla natürmort”, “Xəzərdə səhər” və sair əsərləri nümayiş olunur.

Tretyakov qalereyasının 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.