Ukraynanın Jitomir şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirilib. Ukrayna Azərbaycanlılarının Həmrəyliyi Konqresinin təşəbbüsü ilə keçirilən tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan tədbirdə Ukrayna Ali Radasının deputatları, Azərbaycan səfirliyinin işçiləri, Jitomir Vilayət Dövlət Administrasiyasının nümayəndələri, diaspora və media təmsilçiləri iştirak ediblər.
Tədbirə qatılanları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən Jitomir Vilayətindəki Azərbaycan Həmrəyliyi Konqresinin sədri İlqar Məmmədov və Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən danışıblar.
Tədbirdə Ukrayna Ali Radasının deputatları Sergey Melniçuk, Natalya Veselova, Borislav Rozenblat və digər rəsmi şəxslər çıxış edərək Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar.
Sonra tədbirə qatılan qonaqların iştirakı ilə Jitomir şəhərində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub.
Tədbirdə Ukraynanın Xalq Artisti Qurban Abbasovun ifasında şən və həzin mahnılar səsləndirilib.