Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xalq artisti: "Heç özüm də bilmədim, bu yaşa necə gəlib çıxdım"
"Heç özüm də bilmədim, bu yaşa necə gəlib çıxdım".
Oxu.Az xəbər verir ki, bu sözləri Musavat.com-a müsahibəsi zamanı Xalq artisti Valeh Kərimov deyib.
Həmin müsahibəni təqdim edirik:
- Valeh bəy, bir gün sonra 81 yaşınız tamam olur, 82-yə qədəm qoyursunuz. Adətən deyirlər ki, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var-dövlət, zənginlik olar?
- Elə olar. Yaxşı sözün üstünə əlavə söz demək istəməzdim. Heç özüm də bilmədim, bu yaşa necə gəlib çıxdım. Oynaya-oynaya, qaça-qaça. Bu yaşa çox yaxşı, gözəl gəlib çıxdım. Bir az da tez oldu. Gərək indi 81 yaşda yox, 51 yaşda olardım (gülür). "81" haradan gəldi bilmirəm.
- Deməli, gənclik illərinin, orta yaş dövrünün xiffətini çəkirsiniz.
- Uşaqlıq və gənclik illərim üçün çox darıxıram. Orta yaş dövrümü isə xatırlamıram.
- Yaşınıza görə çox cavan qalmısınız. Yəqin idmanla məşğul olursunuz...
- Yox, nə idman? Mənim idmanım səhər yuxudan durub əynimi geyinməkdir, vəssalam. Ondan başqa idmanım yoxdur. Yeməyimə də fikir vermirəm. Şor, soğan, pendir, əlimə nə keçdi yeyirəm. Ümumiyyətlə, az yeyən adamam.
- Mingəçevir Dövlət Dram Teatrında aktyor və quruluşçu rejissor kimi işləyirsiniz. Bu yaşda oraya gedib-gəlmək çətin deyil ki?
- Tamaşa hazırladığım müddətdə orada qalıram, işlərim bitəndə isə Bakıya qayıdıram. Bakıda da darıxanda yenə Mingəçevirə qaçıram. Günümü yola verirəm. Nəvələrim var. Onlarla da vaxt keçirirəm. Film çəkilişləri yoxdur. Olsaydı, gedib çəkilərdim. Enerjim var, amma iş yoxdur.
- Afaq Bəşirqızı ilə əlaqələriniz varmı?
- Danışırıq. Sabah zəng edib onu təbrik edəcəyəm. Novruz bayramı bütün bayramların şahıdır. Çox gözəl əhvali-ruhiyyə ilə qeyd edirəm.
- Bir gün sonra 82 yaşa qədəm qoyacağınızı dedik. Yaş sizi qorxutmur ki?
- Əlbəttə, qorxudur. Haradan gəlir bu yaş? Bu nə qanundur, bilmirəm (gülür).
Qeyd edək ki, Valeh Kərimov bir çox rolları ilə bərabər "Bəxt üzüyü" filmində oynadığı "Moşu" obrazı ilə tamaşaçıların yaddaşına həkk olunub.