YARAT Müasir İncəsənət Məkanı fotoları 60-cı illərin ən parlaq təsvirinə çevrilən əfsanəvi fotoqraf Devid Montqomeri ilə görüşə dəvət edir.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, görüş mayın 29-u saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Giriş sərbəstdir.
Montqomeri Bill Klinton, Mik Caqqer, Cimmi Hendriks, Marqaret Tetçer, Piter o'Tula, Endi Uorholl, ingilis kral ailəsinin üzvlərinin fotolarını çəkib. O, Nyu-York Culliard Musiqi məktəbində musiqi üzrə təhsil alıb. Bundan sonra bir müddət fotoqraf Lester Bukbinderin köməkçisi kimi işləyib. 60-cı illərin əvvəlində Lesterlə birgə Böyük Britaniyaya çəkilişə yola düşən Devid həmişəlik orada qalmağa qərar verir. Montqomerinin fotoları müntəzəm olaraq “Vogue”, “The Sunday Times” və “Rolling Stone” kimi jurnallarda çap edilir.
2000-ci il ərəfəsində poçt xidməti Montqomeriyə yeni minilliyin başlanması münasibətilə xüsusi olaraq buraxılacaq poçt markalarının fotosunu çəkməyi sifariş verib. Millenium astanasında çəkilən bu foto Dizayn və Bədii Tətbiqetmə sahəsində gümüş Britaniya mükafatına layiq görülüb. Montqomeri tərəfindən çəkilən şəkillər 60-cı illərin pop mədəniyyətinin ən parlaq obrazlarını əks etdirərək janrın klassikasına çevrilib. 2011-ci ildə Londonun Proud Chelsea qalereyası Montqomerinin The Rolling Stones in Decca Years The Rolling Stones 1962-1971 adlı musiqi antologiyası üçün çəkdiyi fotolardan ibarət sərgi keçirib.
Devid Montqomeri ilə görüş YARAT-ın ən məşhur rəssamlar, kurator və incəsənət tənqidçilərinin iştirakı ilə təşkil etdiyi ustad dərsləri, mühazirə və seminarlardan ibarət təhsil proqramı çərçivəsində baş tutacaq.
YARAT-ın təhsil proqramına mühazirələr, seminarlar və hər ay məşhur rəssamlar, fotoqraflar, kuratorlar və tənqidçilər tərəfindən keçirilən ustad dərsləri daxildir. Ustad dərsləri və seminarlar YARAT-ın təhsil proqramı çərçivəsində pulsuz təşkil edilir. 2012-2014-cü illər ərzində Moskva Müasir İncəsənət Mərkəzinin əməkdaşları Vitali Patsyukov və Aleksandra Obuxova, Tiflis Müasir İncəsənət Mərkəzinin yaradıcısı Vato Tsereteli, Central St. Martins Universitetinin dekanı cənab Mark Danhil və London King College-in heykəltəraşlıq fakültəsinin rəhbəri Bakıda ustad dərslərini həyata keçiriblər.
2014-cü ilin sonuna qədər kurator Sara Rza, rəssam Mahmud Baxşı, fotoqraflar Mervin Artur və Rozella Emmanuel, həmçinin animasiya və video-art sahəsində ixtisaslaşmış, London İncəsənət Universitetinin professoru Birqitta Xoseanın ustad dərslərinin keçirilməsi planlaşdırılır.