YARAT Müasir İncəsənət Məkanı və Litvanın “Arts Printing House” Mərkəzi böyük məmnuniyyətlə birlikdə “Müasir?” (“Contemporary?”) adlı performansı təqdim edəcəklər.
Oxu.Az xəbər verir ki, artıq "Qızıl səhnə xaçı" ilə təltif olunmuş (2013) bu rəqs tamaşası aprelin 14-də Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək. Aprelin 15-də isə performans ifaçılarından biri olan Agnė Ramanauskaitė tərəfindən rəqs məşğələsi də keçiriləcək.

İlk tamaşası "Arts Printing House" Mərkəzində 2013-cü ildə baş tutmuş bu 60 dəqiqəlik əsər Litvanın müasir rəqs mənzərəsini hədəfə alaraq, rəqs, xoreoqrafiya və səhnələşdirmə prosesinin daxilindən həmin mövzuya nəzər salır. Yumor və fiziki hərəkətlər vasitəsilə "Contemporary?" performansı tamaşaçılar qarşısında "bu günün müasir rəqsi nədir?", "onun səhnələşdirməsi necə olmalıdır?", bir də özünə qarşı istehza ilə səslənərək "rəqsi anlamaq tamaşaçının nəyinə lazımdır?" kimi suallar qoyur.

Əsər üzərində düşünərək ona quruluş verib ifa edənlər 16 il ərzində 30-dan artıq səhnə obrazı yaratmış adlı-sanlı Litva rəqqası və xoreoqrafı Mantas Stabačinskas, litvalı rəqqasə, aktrisa və pedaqoq, Litva Teatr və Musiqi Akademiyasının məzunu Agnė Ramanauskaitė və litvalı rəqqas, aktyor, 2010-cu ilin "Ən yaxşı gənc aktyor" teatr mükafatının nominantı Paulius Tamolédir. "Contemporary?" performansı artıq beynəlxalq miqyasda da təqdim olunub, o cümlədən Almaniya və Estoniya kimi ölkələrdə nümayiş etdirilib.

Agnė Ramanauskaitėnin aprelin 15-də keçəcəyi rəqs məşğələsi tələbələrin təbii və ixtiyarsız hərəkət hissini gücləndirməli, "rəqs lüğəti"ni zənginləşdirmək üçün onlara müasir rəqs texnikalarını öyrətməlidir.
Aprelin 14-də təqdim olunacaq performans üçün biletləri Rus Dram Teatrından əldə etmək olar. Aprelin 15-də keçiriləcək rəqs məşğələsi isə peşəkar rəqqaslar və aktyorlar üçün nəzərdə tutulub. İştirak barədə məlumat info@yarat.az ünvanına göndərilməklə öncədən təsdiqlənməlidir.
Qeyd edək ki, YARAT-ın beynəlxalq layihələrindən isə 55-ci Venesiya Biennalesinin müstəqil tədbirlər proqramında iştirakı qeyd etmək lazımdır. Bu il YARAT 56-cı Venesiya Biennalesinin müstəqil tədbirlər proqramında iştirak edəcək (buro247.az).