Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov, Tinatin Xidaşeli və İsmət Yılmaz arasında üçtərəfli görüş başlayıb.
Oxu.Az xəbər verir ki, görüşdə təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Üçtərəfli görüşdən sonra müdafiə nazirləri mətbuat konfransı keçirəcəklər.



11:30
Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz ilə ikitərəfli formatda danışıqlar aparılması üçün görüşüb.
Oxu.Az xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.
Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.
Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.
11:00
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli ilə görüşüb.
Oxu.Az Müdafiə Nazirlityinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları Azərbaycanın qədim diyarı olan Qəbələdə salamlayaraq ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb.
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən general-polkovnik Zakir Həsənov bu əlaqələrin daimi olacağını qeyd edib.
Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən Gürcüstanın müdafiə naziri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
10:35
Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin görüşü başlayıb.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli və Türkiyə milli müdafiə naziri İsmət Yılmaz əvvəlcə ayrı-ayrılıqda ikitərəfli münasibətləri müzakirə edəcəklər.
Daha sonra müdafiə nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.





10:15
Mayın 15-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, xanım Tinatin Xidaşeli və cənab İsmət Yılmaz Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önlərinə gül dəstələri qoyublar.
Bu barədə Oxu.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Sonra Müdafiə nazirləri danışıqlar aparılması üçün Heydər Əliyev Konqres Mərkəzinə yollanıblar.



09:48
Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli və Türkiyə milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçiriləcək.
Elvin Şirinli
www.oxu.az