Konyada (Türkiyə) Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin “TurAz Şahini 2015” birgə təlimləri davam edir.
Oxu.Az xəbər verir ki, təlimlər çərçivəsində qardaş ölkənin pilotları bir-birinin istifadəsində olan hərbi təyyarələri də sınaqdan keçirirlər.
Belə uçuşlardan biri də bu günlərdə baş tutub.
Türkiyə Hərbi Hava Qüvvələrinin pilotu ilk dəfə Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan Su-25 tipli qırıcı-bombardmançı təyyarəni havaya qaldırıb.
Uçuşun başa çatmasından sonra isə həmin pilotun “yuyulması” mərasimi də keçirilib. Qeyd edək ki, hərbi təyyarəçilər ailəsində mövcud olan ənənəyə görə, bir pilot yeni tip təyyarə ilə havaya qalxıb endikdən sonra onu su ilə isladırlar və bu, həmin pilotun ustalığının tanınması əlaməti kimi çıxış edir.
“TurAz Şahini 2015” təlimlərindən çəkilmiş həmin görüntüləri təqdim edirik.
Xatırladaq ki, Təlimlərdə Azərbaycan HHQ-nin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi, 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, Türkiyə HHQ-nin F-16, F-4E 2020, E-7T (HİK) təyyarələri, AS-532, UH-1H helikopterləri iştirak edirlər.
Təlimlər aprelin 13-dək davam edəcək.