“The New York Times” qəzetinin səyahətlər bölməsində bir neçə həftə əvvəl yerləşdirilmiş “Qafqaz dağlarında qonaqcıl qəbul” sərlövhəli Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatçı qondarma qurumu təbliğ etməyə cəhd edən məqaləyə ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbovun cavab yazısı dərc olunub.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, “Azərbaycanın məcburi köçkünləri” adlı bu cavabda yuxarıda qeyd olunan parçada müəllifin Azərbaycanın Dağlıq Qarabağ regionunun ermənilər tərəfindən işğalı və bunun nəticəsində bir milyondan çox azərbaycanlının doğma evlərindən didərgin düşmələri barədə məlumatın oxucuların diqqətinə çatdırmadığı bildirilir.
Qeyd olunur ki, müəllif oxuculara işğal olunmuş bu ərazilərə səfər etməklə Azərbaycan qanunvericiliyini pozmuş olacaqları və ölkəmizə gələcəkdə səfər etmək imkanından məhrum olunacaqları barədə heç bir məlumat vermir, həmçinin o, bir çox ölkələrin rəsmi qurumları, o cümlədən ABŞ Dövlət Departamenti tərəfindən bu ərazilərə qeyri-qanuni səfərlərə qadağa qoyulduğu barədə susur.
Bildirilir ki, Azərbaycan bütün məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və gələcəkdə turistlərin ölkəmizin bu gözəl guşəsinə səfər etmələrinin mümkün olması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini davam etdirir.
http://www.nytimes.com/2015/05/17/travel/letters-to-the-travel-editor.html?_r=0